Pandemiya dövründə media: təhdidlərdən xilas üçün Azərbaycan resepti




Müşfiq ƏLƏSGƏRLİ

Beynəlxalq durum

Son 20 il müddətində peşəkar media qurumlarına qarşı ortaya çıxan təhdidlər barədə danışarkən, ekspertlər daha çox 2 məqamın üzərində dayanırdılar:
  • 2001-ci ildən sonra aktuallaşan antiterror fəaliyyəti və buna uyğun olaraq qəbul edilən yeni qanunlar;
  • Sosial şəbəkələrin inkişafı ilə peşəkar media qurumlarının məkanının daralması.
Qeyd olunurdu ki, insanlar, insan hüquqları və demokratiya üçün ciddi təhdid olan terror aktlarının qarşısını almaq üçün dövlət qurumlarının effektiv sanksiya vermək imkanları olmalıdır. Həmin imkanlar ilk növbədə qanunvericiliklə tanınmalıdır. Bununla yanaşı, yeni yaradılan  antiterror qanunları ifadə azadlığını, media mühitini,  insan hüquqlarını məhdudlaşdırmaq üçün sui-istifadəyə yol açmamalı, hüquq və azadlıqlara təhdid yaratmamalıdır. ATƏT-in hesabatlarından bəlli olur ki,  son 20 ildə bunun əksi baş verir. Qəbul edilən antiterror və təhlükəsizlik qanunları istisnasız olaraq KİV-lərin məlumat yaymaq hüququna müdaxilə edir.
Sosial şəbəkələrin inkişafı və onların peşəkar media üçün yaratdıqları problemlər isə  fərqli müstəvidədir. "Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma"nın hesabatına görə, sosial şəbəkələr peşəkar media qurumlarını istismar edir, onların istehsal etdikləri məhsula sahib çıxır, maddi gəlirinə şərik olurlar. Platformanın hesablamasına görə, təkcə   GAFAM-a  (Google, Apple, Facebook, Amazon, Microsoft) daxil olan şirkətlərin gəlirləri  900 milyard dollar civarındadır.  Bu gəlirin böyük bir qismi  peşəkar KİV-lərin məhsulları hesabına əldə edilir. Məhsulun, kontentin yaradıcısı peşəkar KİV-lər olsalar da, onların yayımı daha çox sosial şəbəkələr üzərindən həyata keçirilir. Beləliklə, hər kəs  sosial şəbəkələrə üz tutur,  peşəkar KİV-lər isə auditoriyadan və  reklam gəlirlərindən məhrum olur. Əlbəttə,  kimsə deyə bilər ki,  sosial şəbəkə adminləri  geniş auditoriya qazandıran, oxucu, dinləyici, tamaşaçı toplayan materiallara görə müəllifə qonorar ödəyirlər. Amma qeyd etmək lazımdır ki, bu ödənişlər simvolikdir, cüzidir.Məsələn,  Youtube-da 100.000  baxış  toplaya bilən materiala görə müəllifə ayrı-ayrı ölkələrdə cəmi  500 - 1000 dollar aralığında ödəniş edilir. Hansı ki, 100 minlik auditoriya qazana bilən material hazırlamaq üçün peşəkar KİV-lərin nə qədər vəsait xərclədiklərini hər kəs bilir. Yaxud, onların 100.000 nəfər izləyiciyə çatmayan 100-lərlə materialları sosial şəbəklər üzərindən paylanılır.
Platforma təklif edir ki, dünya dövlətləri "GAFAM şirkətlərinin gəlirlərinə  6% səviyyəsində xüsusi vergi tətbiq etsinlər. Bu vergidən əldə edilən vəsaiti  peşəkar jurnalistikanın inkişafına yönəltməklə, dövlətlər   jurnalistikaya 54 milyard dollar qazandıra bilərlər".

Pandemiya şərtləri-media üçün əlavə təhdidlər

Bu iki amil- antiterror mahiyyətli qanunlar və sosial şəbəkələr üzərində çox dayanmağım təsadüfi deyil. Son bir il müddətində ortaya çıxan yeni təhdid- pandemiya  dövrünün yaratdığı problemlər, media mühiti üçün bir növ, öncə sadaladığımız iki problemin xələfi kimi davranır.
Həyatın bütün sahələri kimi, media təsisatları da COVİD-19-un   təsiri altındadırlar. Pandemiya təkcə insan sağlamlığını təhdid etmir, sosial-iqtisadi, siyasi böhranlara səbəb olur. Pandemiya dövrünün şərtləri söz azadlığı, demokratik media mühiti üçün də ciddi məhdudiyyətlər, həlli çətin olan problemlər yaradıb.
Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) hesablamalarına görə, pandemiya dövrünün iqtisadi-maliyyə durğunluğuna uyğun olaraq, maliyyə gəlirlərindən, reklamlardan  məhrum olaraq fəaliyyətlərini dayandıran  KİV-lərin sayı ümumilikdə dünya media təşkilatlarının 25%-i həcmindədir. Rəqəm yüksələn xəttlə davam edir. Hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı - itkisi və ya iş şəraitinin pisləşməsi ilə üzləşib. Jurnalistlərin 1/3-i bu dövrdə yalnız COVİD-19-la bağlı materiallar hazırlamaq məcburiyyətində qalıb, digər sahələrdə, məsələn, pandemiya ilə mübarizədə hökumətlərin adekvat olmayan fəaliyyətləri, yol verilən qüsurlar və sair barədə araşdırmalar aparmaq imkanları əllərindən alınıb; "şərtləri pozan" 10-larla jurnalist həbs edilib, 100-lərlə jurnalist  məhkəmə iddiaları ilə üzləşib, 1000-lərlə jurnalist cəza olaraq  iş yerindən qovulub.
Pandemiya dövründə "saxta xəbərlərin qarşısını almaq" adı altında KİV haqqında qanunlara əlavələr edilib, yeni qanunlar qəbul olunub ki, bu qanunların əksəriyyətində hökumətlərin sui-istifadə halları aşkar görünür, media azadlığının çərçivəsi kəskin şəkildə daraldılır. Bir sözlə, antiterror mahiyyətli qanunların qəbulu zamanı yaradılmış president pandemiya dövründə də tətbiq edilir.
COVİD-19 pandemiyası dünyada söz azadlığı, demokratik media mühiti üçün məqbul olmayan şərtlər formlaşdırır. Narahatlıq doğuran haldır ki, pandemiya özü getdikcə səngiyəcək, amma onun peşəkar media üçün yaratdığı neqativ şərtlər dayanıqlı olacaq: azadlığı məhdudlaşdıran qanunlar qüvvədə qalacaq, peşəkar media qurumlarının sıradan çıxması ilə "ələbaxan KİV-lər" və sosial şəbəkələr meydan sulayacaq. Pandemiya dövründə jurnalistlər məsafədən işləməyə məcbur olunca, işini itirib peşəkar xəbər istehsalından yayınınca,  sosial şəbəkələrin potensialı  artır. "Xəbər məkanını öz keyfiyyətsiz məhsulları ilə dolduran sosial medianın hökmran olduğu yeni məkan formalaşır.
Problemin qarşısını almaq üçün atılan addımlar pərakəndə xarakterlidir. Sistemləşdirilmiş, nümunə olaraq tətbiq ediləcək modellər yoxdur. Məsələn, Norveç  hökuməti  pandemiya dövründə mediaya  dəymiş ziyanı aradan qaldırmaq üçün  mayın 12-də yardım paketini təqdim edib. Norveç Jurnalistlər Birliyi (NJ) onu alqışlasa da, ayrılmış məbləğin  bütün medi sənayesini qorumaq, ölkədə media müxtəlifliyini təmin etmək üçün yetərli olmadığını, sistemli proqram xarakteri daşımadığını  bildirib. Proqram 1 iyul 2020-ci ilə qədər olan dövrü əhatə edir. Norveç hökumətin media yardım paketinə ilkin olaraq 300 milyon NOK (27 milyon avro) daxildir ki, bu, pandemiya dövründə  media sənayesinə dəymiş ziyanın 50 faizini əhatə edir.
Yaxud, İsveç hökuməti mayın 8-də pandemiya dövrü üçün KİV-lərə mərhələlərlə  200 milyon SEK (təxminən 18 milyon avro) ayırmaq qərarına gəlib. İsveç Jurnalistlər Birliyinin (İJB)  prezidenti Ulrika Hyllert deyib ki, "Pulun verilməsi təkcə medianın yaşaması üçün deyil, həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. İndiki dəstək paketi təhlükənin bitdiyini bildirmir, problemləri aradan qadırmaq üçün kifayət deyil".
Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) baş katibi Michelle Stanistreet isə bəyan edib ki, ölkədə media işçilərinin 2/3-si pandemiya dövrünün şərtləri ilə  maddi cəhətdən ağır duruma düşüblər, işlərinin və gəlirlərinin azaldığını bildiriblər. Sərbəst çalışan jurnalistlərin (Freelancer-lər) 1/3-i  işlərini  tamamilə itiriblər. Lakin belə bir durumda Britaniyalı jurnalistlər hökumət tərəfindən hər hansı dəstək almayıblar.

Azərbaycanda  durum

Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində imzaladığı operativ proqramlar həyatın digər sahələri kimi, peşəkar KİV qurumlarını da   xilas etdi. Bu proqramlar pandemiya şərtlərinin peşəkar KİV-ləri əzməsinin qarşısını ala bildi, onları  iflasa uğramaqdan xilas etdi. Prezidentin imzaladığı "Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi" proqramı KİV sahibkarlarına da şamil edildi. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərildi ki, bu da iş yerlərinin qorunub saxlanılması üçün stimul oldu.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə kütləvi nformasiya vasitələrinə maliyyə yardımının  göstərilməsinin davam etdirilməsi də pandemiya dönəmində xüsusi önəm kəsb edir. İlin əvvəlindən göstərilən ənənəvi yardım proqramının Fond  tərəfindən 4 iyul tarixində yenilənməsi, media çalışanları, xüsusi olaraq qəzet redaksiyaları üçün əlavə  xilas rolu oynadı.
Monitorinqlər göstərir ki, Azərbaycanda pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran, iflas edən  KİV qurumu  yoxdur. Yalnız bir şirkətdə-"Lider" TV-də iflas həddi elan edilib ki, bu da pandemiya dövründən öncə başlanmış prosesin davamı kimi ortaya çıxıb. Əksinə, müşahidələrə görə, 2020-ci ilin ilk 7 ayı ərzində 15-dən çox yeni onlayn KİV qurumu həyata vəsiqə alıb.
Paralel olaraq, jurnalistlərin sərbəst fəaliyyətlərini davam etdirmələri üçün də əməli addımlar atılıb. Xüsusi karantin rejimi dövründə KİV-ə məhdudiyyət tətbiq edilmədi. Əksinə, dövlət "informasiyanın alınmasını, ötürülməsini strateji əhəmiyyətli və mühüm məsələ" kimi qeyd etdi. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi üçün hazırladığı şərtlərdə KİV-in fəaliyyətinə sərbəstlik verdi. Hətta, uzun illər boyu müzakirə və mübahisə mövzusu olan "Freelancer"lərin fəaliyyəti üçün də karantin rejimi dövründə çıxış yolu tapıldı. Dövlət VÖEN daşıyıcısı olan, xidmət müqavilələri ilə çalışan  jurnalistlərə fəaliyyət sərbəstliyi verdi.

İnformasiyaya əlçatımlığın təmin edilməsi

İnformasiya bolluğu, əlçatımlıq medianın fəaliyyətini səmərəli edir, vətəndaşın dövlət orqanlarının işi, cəmiyyətdə baş verən hadisələr barədə  məlumat almsına şərait yaradır. Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargah  vasitəsilə təmin edilən informasiya təminatını KİV-lər üçün əlavə fürsət kimi dəyərləndirmək olar. Operativ Qərargahda pandemiya dövründə dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki,  informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq, media cəmiyyəti bütün zəruri məlumatlarla təmin edə bilir, onu maarifləndirir, özü də koronavirusla mübarizədə öndə gedən iştirakçılar sırasında yer tutur.
Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın KİV-lərlə canlı təmaslarının intensivləşməsi diqqət çəkib. Bu təmaslar həyata keçirilən tədbirlər barədə vətəndaşları məlumatlandırmaq, onları məsuliyyətə və nizam-intizama dəvət etmək məqsədi daşısa da, digər tərəfdən dövlət rəhbərliyinin KİV-ləri kommunikasiyasının mühüm bir hissəsi kimi yüksək qiymətləndirməsi anlamı daşıyır. İyulun 6-da Prezident İlham Əliyevin  Azərbaycan televiziyalarına növbəti müsahibəsi göstərdi ki, dövlət başçısı KİV-lərlə canlı təmasları intensivləşdirir, məlumatlandırma işində peşəkar KİV-lərə ciddi önəm verir və bunu digər dövlət-hökumət nümayəndələri üçün nümunəyə çevirir.
Bu sırada Prezidentin köməkçisi Anar Ələkbərovun iyunun 19-da  bir qrup media nümayəndəsi ilə görüşü və media ilə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulaması dövlətin KİV-lərin inkişafına yönəlik siyasətinin göstəricisi kimi şərh edilə bilər.
Bu gün Azərbaycan koronavirusla mübarizədə sabitliyi qoruya, vəziyyəti nəzarətdə saxlaya bilirsə, burada peşəkar idarəçiliyin, həkimlərin, polislərin rolu ilə yanaşı, medianın və jurmalist ordusunun da  böyük əməyi vardır. Media insanları məlumatlandırır, maarifləndirir, insanların sağlamlığının qorunmasına əməli töhfələr verir.



Facebook-da paylaş