AMEA-nın İnstitut direktoru Kürün quruması səbəblərindən danışdı...

"Əvvəllər lil təmizləyən qurğu Xəzər dənizi ilə Kürün deltası arasında dayazlaşan ərazidə toplanan lili kənara çıxarırdı"



Uzunluğu 1515 km olan Kür çayı mənbəyini Türkiyənin Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürərək Gürcüstan və Azərbaycan ərazisindən (906 kilometr) axaraq Xəzər dənizinə tökülür. Kür çayında suyun səviyyəsinin, yəni sərfinin aşağı düşməsi nəticəsində Xəzər dənizi ilə Kür çayı deltası arasında 0,5-0,7 metr hündürlük fərqi yaranıb. Yəni Xəzər dənizinin səviyyəsi Kür çayının mənsəbindən yuxarı olduğu üçün dənizin suyu Kür çayının mənsəbinə daxil olaraq çay boyunca irəliləyib Neftçala şəhərinə qədər gəlib çatıb. 

Bunu Moderator.az açıqlamasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.



Alim bildirib ki, dənizin duzlu suyu ilə Kür çayının şirin suları bir birinə nüfuz edərək çaydan su götürən nasos stansiyalarının işini pozmaqdadır. Nasoslar çox az miqdarda şirin su vurduqdan sonra dəniz suyu vurur, nəticədə, sahələrin suvarılmasında duzlu sudan istifadə edilir. Bu da qısa müddətdə torpaqların təkrar şoranlaşmasına səbəb olacaq.

“Ötən illərdə Kürün deltasında lil təmizləyən üzən qurğu var idi.  O, Xəzər dənizi ilə Kürün deltası arasında dayazlaşan  ərazidə toplanan lili kənara çıxarırdı”,- deyən Əlövsət Quliyevin sözlərinə görə, son illər bu qurğu işlədilmədiyindən deltanın dəniz ilə əlaqə zonasında dayazlaşma baş verib.  Dəniz dalğaları suyu birbaşa çaya doğru sıxışdırdığından bu problem yaranıb. Fikrimizcə, təcili olaraq  liltəmizləyici qurğu vasitəsilə deltada məcranın dərinləşmə işi davam etdirilməlidir.

Apardığımız tədqiqatlar onu göstərir ki, Kür çayı lilində kifayət qədər qida maddələri var. Onlardan gələcəkdə gübrə istehsalında istifadə etmək olar. Qeyd edim ki, Kür çayı lilindən gübrə hazırlanması işi təcübədə  öz təsdiqini tapıb".

Əlövsət Quliyevin deyib ki, Kür çayında səviyyənin aşağı enməsi ətraf ərazidə qrunt sularının səviyyəsinin aşağı düşməsinə, su quyularının qurumasına səbəb olacaq:

"Artıq bu proses başlanıb. Yaxın müddətdə sahil zonalarında qrunt sularının bir hissəsinin dəniz suyu ilə əvəz olunacağı da gözlənilir. Hazırda suvarma dövrü olduğu üçün Kürün yuxarı axınlarında fəaliyyətdə olan nasos stansiyaları kifayət qədər çaydan su götürürlər. Bu da çayın aşağı hissəsindəki məcrada suyun azalmasına səbəb olur. Əks tərəfdən isə dəniz suyunun müdaxiləsi bu problemin yaranmasına gətirib çıxarıb". 

Alim bildirib ki, nasos stansiyalarının suqəbuledici hissəsi duzlu və ya şirin suyu ayırd edə bilmədiyindən onlar sahələrə duzlu dəniz suyu vururlar.  

Umumiyyətlə, Kür çayında suyun həcminin azalmasının əsas səbələrindən biri kifayət qədər suvarma suyunun götürülməsidir. Digər səbəbi isə qlobal iqlim dəyişiklikləri ilə əlaqədardır.  Yəni dağlarda qar xətti deyilən bir yüksəklik var ki, o  xətt yuxarı qalxdıqca  şirin su ehtiyatları azalır.

Əlövsət Quliyev bildirib ki, artıq bu problemin həlli istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb:

"Əminik ki, dövlətimizin diqqət və qayğısı sayəsində problem qısa zamanda öz həllini tapacaq. Bildiyimiz kimi, ölkəmizdə suvarma suyu ilə bağlı problemlər, su ehtiyatlarından səmərəli istifadə edilməsi dövlət başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi  komissiya yaradılıb. Ölkə rəhbəri 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə su problemindən danışıb və aidiyyəti orqanlara konkret tapşırıqlar verib. Ona görə hesab edirik ki, su ehtiyatlarından səmərəli istifadə olunmasının qarşıya əsas məqsədlərdən biri kimi qoyulduğu ölkəmizdə Kür çayında yaranan problem qısa zamanda həll olunacaq".


Facebook-da paylaş