“Azərbaycanda rusdilli məktəblərin sayının artırılması müstəqilliyimizə təhlükə yaradır...”




“O dövrdə də indi də qonşularımız təhlükə olaraq qalırlar. Rusiya da təhlükə olaraq qalır və çox ciddi şəkildə Azərbaycanın daxilində Rusiyaya sevgini və heyranlğı artırmağa çalışırlar”.

Bunu 28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan edlməsinin tarixi əhəmiyyəti və ondan çıxarılmalı olan ibrət dərsləri barədə Moderator.az-a açıqlama verən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, AXC-nin varisi kimi bugünkü müstəqil Azərbaycanın da başının üstündə qara buludlar daim qalır. Xüsusilə son dövrlərdə Rusiya amilinin bəzi qüvvələr tərəfindən qabardılması diqqət çəkir. Burada Rusiyada çalışan üç milyona yaxın insanın da təsiri var:

“Eləcə də Azərbaycanda rusdilli məktəblərin sayını artırılması və sair amillər, əslində bunların hamısı müstəqilliyimizə təhlükə yaradır. İran da daxilindəki Azərbaycan türklərinini bu müstəqillik ideyalarından uzaqlaşdırmaq məqsədilə daim Azərbaycanın zəifləməsinə çalışır.

Bütün bu qüvvələr Ermənistanı məhz o maqsədlə müdafiə edirlər ki, Azərbaycan türkləri güclənə bilməsin. Bunlar ortada ikən ölkə içində milli birliyin olmaması, siyasi partiyalar arasındakı düşmənçilik həddində olan münaqişələr, mübahisələr, qanununların kifayət qədər işləməməsi, qanunun aliliyinin təmin edilməməsi hakimiyyətlə xalq arasında və siyasi partiyalar arasında ziddiyyətlər, bunların hamısı o vaxt da o dövlətin yaşamasına mane olub, indi də mane ola bilər”.

Sabir Rüstəmxanlı əlavə edib ki, indi hakimiyyətlə müxalifət partiyaları arasında müəyyən dialoqlar gedir, amma bu, genişləndirilməlidir:

“Ölkədə vətəndaş cəmiyyəti gücləndirilməlidir, milli birlik istiqamətində təbliğat aparılmalıdır, bundan başqa tarixə, keçmişimizə hörmət gücləndirilməlidir.

O iki illik dövr elə təbliğ olunmalıdır ki, bu tarix xalqın gözündə bir ideal kimi yaşasın. Təəssüf ki, bunların hamısı yetərincə nəzərə alınmır”.


Facebook-da paylaş