"Türkiyənin Azərbaycana Rusiyanın Ermənistana verdiyi qədər hücum xarakterli dəstək verməsini istərdik"





Son bir neçə ayda Türkiyənin Dağlıq Qarabağ probleminə daha həssas yanaşması müşahidə olunmaqdadır. Buraya ilk dəfə olaraq bu ilin mart ayında Minsk Qrupu həmsədrlərinin Ankaraya dəvət edilməsi və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə problemi müzakirə etməsini də əlavə etsək bu qənaəti bir az da gücləndirmiş olarıq.

Mayın 24-də bir sıra saytlarda, o cümlədən Moderator.az saytında M.Çavuşoğlunun tanınmış jurnalist, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi ilə bağlı sualını cavablındırdığı videomüsahibə yayıldı.
“DİM.TV” efirində gedən süjetdə M.Çavuşoğlunun Azərbaycana hər zaman dəstək olduqlarını bildirməsi ilə yanaşı, onun xüsusi vurğuladığı bir fikir daha çox diqqət çəkib. Türkiyə XİN rəhbəri sözügedən cavabında Azərbaycan dəstək məsələsində “nə zaman bir tələb irəli sürərsə, Türkiyə həmin tələbi də yerinə yetirməyə hazırdır” cümləsini ifadə edib.

Bir sıra siyasi ekspertlər diqqəti bu ifadəyə çəkərək vurğulayırlar ki, bu, Türkiyənin Dağlıq Qarabağ probleminin həllində Azərbaycana daha real dəstək göstərmək niyyətinin təzahürüdür.

Politoloq Qabil Hüseynli məsələni Moderator.az-a şərh edərkən bildirib ki, həqiqətən də bu, çox diqqətçəkən bir yanaşmadır:

“Türkiyə xarici işlər naziri səviyyəsində belə bir fikrə deyərdim ki, ilk dəfədir ki, rast gəlirik. Hər zaman istifadə edilən kəlmələr daha ölçülü, balanslaşdırılmış bir münasibətin ifadəsi olub. Ancaq bu dəfə Mövlud Çavuşoğlunun “Azərbaycan nə tələb edərsə, onu da etməyə hazırıq” fikrini ifadə etməsi zənnimcə çox ciddi bir anlama gəlir”.
Qabil Hüseynlinin sözlərinə görə, bunu yalnız Çavuşoğlunun subyektiv fikri kimi qəbul etmək olmaz:
“Bu, Türkiyə hökumətinin və dövlətinin adından deyilmiş bir bəyandır. Çavuşoğlunun özünün də Azərbaycana münasibəti məlumdur. Ancaq açıq deyək ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana lazımı dəstəyi verib. Ancaq eyni zamanda, bəzən hədsiz ehtiyatkarlığını da nümayiş etdirib.

Məsələn, mühribənin ağır dövrlərində, Kəlbəcərin işğalı vaxtı , əlbəttə o zaman iqtidarda Süleyman Dəmirəl idi, bu dəstək lazımınca olmamışdı. Hətta xatırladım ki, o zamankı prezident Əbülfəz Elçibəyin humanitar dəstək üçün istədiyi vertolyotları da Türkiyə təmin etməmişdi.
Ancaq sonralar ordu quruculuğunda Türkiyənin bizə yaxından dəstəyi oldu və indi də bu əməkdaşlıq dərinləşərək davam edir”.
Politoloq deyib ki, bütün bunlar hələ kifayət etmir:

“Lakin deyərdim ki, bu, hələ yetərli deyil. Deyim ki, şəxsən mən Türkiyəni Azərbaycandan ayrı tutmuram və “bir millət iki dövlət” şüarına böyük əhəmiyyət verirəm. Lakin hesab edirəm ki, iki dövlətin yaxınlığı gələcəkdə daha sıx olmalıdır, hətta konfederativ bir yaxınlığadək davam edə bilər.
Bu səbəbdən də düşünürəm ki, Türkiyə Azərbaycan torpaqlarına daha dadiqqətli yanaşmalı və ərazilərin işğaldan azad edilməsi üçün maksimum qüvvə sərf etməlidir”.

Q. Hüseynli Rusiyanın Ermənistana verdiyi böyük dəstəyin müqabilində Türkiyənin də Azərbaycan üçün eyni həssasiyyəti göstərməli olduğunu vurğulayıb:

“Türkiyə-Azərbaycan əməkdaşlığı hər bir sahədə- siyasi, iqtisadi, hərbi sahələrdə daha da dərinləşməlidir.
Rusiya Ermənistanı pulsuz silahlandırır və müdaifə edir, Rusiya Ermənistanın təbliğatını aparır, Rusiya KİV-i Azərbaycana qarşı kin-küdurət qusur. Belə olan halda Türkiyənin də Azərbaycana Rusiyanın Ermənistana verdiyi dəstək qədər fəal və hücum xarakterli dəstək verməsini istərdik. Azərbaycanla Türkiyənin bir qardaş və ən yaxın müttəfiq dövlət kimi bir-birindən hər cür dəstəyi ummağa ərkləri çatır”.



Facebook-da paylaş