“Ermənilər bizə məxsus olan torpaqlarda dövlət qurduqlarını yaxşı bilirlər”




Türkiyədə Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı və digərlərinin təşəbbüsü ilə mühacir Qərbi Azərbaycan Respublikasının elan edilməsi cəmiyyətdə ciddi rezonans doğurmaqla yanaşı, dəstək də qazanmaqdadır.

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov Moderator.az-a açıqlamasında bu ideyanın böyük bir hadisə olduğunu vurğulayıb:

“Hesab edirəm ki, mühacir Qərbi Azərbaycan Hökumətinin yaradılması zərururət idi. Bilirsiniz ki, əvvəllər də belə cəhdlər olmuşdu. Lakin təəssüf ki, bu cəhdlər uğursuz alınmışdı. Ona görə uğursuz alınmışdır ki, ölkə daxilindəki və xaricdəki ermənipərəst qüvvələr buna mane olmuşlar, belə bir hökumətin yaradılmasını əngəlləmişlər.
Bu gün Türkiyədə araşdırmaçı-yazar, professor Qafar Çaxmaqlının, jurnalist Nigar Ögedayın, Aqil Səmədbəylinin, İlham Mərdanın və difər soydaşlarımzın belə bir təşəbbüslə çıxış etməsi çox təqdirəlayiq haldır. Biz də Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi olaraq zamanla bu hökumətin yaradılmasına cəhd etmişik. Buna görə də bu, bizim qarşıya qoyduğumuz məqsədə çatmaq yolunda ciddi bir addım olmuşdur”.
Rizvan Talıbovun sözlərinə görə, onlara Təşəbbüs Qrupuna qoşulmaqla bağlı edilən təklifi müsbət qarşılayıblar və QAQB olaraq bu qurumda təmsil olunurlar:
“Düşünürəm ki, bu hökumətin yaradılmasının çox ciddi ictimai-siyasi təsirləri olacaqdır. Tam əminliklə demək olar ki, bu qurumun elan edilməsi erməni dairələrini ciddi şəkildə narahat etmişdir. Artıq erməni saytlarında bu hökumətin yaradılması haqqında onların siyasi şərhçilərinin açıqlamaları yayılır.
Cənab Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında indiki Ermənistan ərazisinin, İrəvan şəhərinin Azərbaycana məxsus olduğunu bəyan etmişdir və oraya qayıdışımızın strateji bir hədəf olduğunu bildirmişdir.
Ömrünün müyyən hissəsini öz tarixi yurdunda, Qərbi Azərbaycanda yaşamış biri olaraq, eyni zamanda 15 ildən çoxdur bu yolda mübarizə aparan bir təşkilatın sədri olaraq əminliklə deyə bilərm ki, bütün ermənilər o yurdların bizə məxsus olduğunu gözəl bilirlər. Bizə məxsus olan torpaqlarda dövlət qurduqlarını da yaxşı bilirlər və bu məsələnin qabardılması onları həddindən artıq narahat edir. Çünki bilirlər ki, bu, tarixi əsaslara söykənər problemdir.
Əgər bu məsələdə düşünülmüş addımlar atılsa, onun məntiqi nəticələri olacaqdır və 30 ildən artıqdır “qara daşa” dönmüş Qarabağ məsələsinin həllində də müsbət təsir göstərəcəkdir. Lakin bunun üçün lazımdır ki, bu ideya əvvəlkilər kimi kağız üzərində qalmasın, ciddi əməli işlər görülsün”.
 
R. Talıbov ideyanın rallaşması üçün atılmalı olan addımları da və təkliflərini də söyləyib:
“Birincisi, qurulan hökumətin ərazisi müəyyənləşdirilməlidir, ikincisi,  əhalisi məlum olmalıdır və iqtisadi təminatı olmaldıır. Digər tərəfdən beynəlxalq aləm tərəfindən də qəbul edilməlidir.
Fikrimcə, bütün Qərbi Azərbaycanlılar bu işdə fəal iştirak etməlidirlər. Vaxtı ilə indiki Ermənistan adlandırılan ərazidə mövcud olan 450 yaşayış məntəqəsinin hər birindən nümayəndələr seçilməlidir, qurultay çağırılmalı və müəyyən sayda parlament formalaşdırılmaldı, parlament isə hökuməti formalaşdırmalıdır. Bundan sonra tanınması üçün bütün dövltələrə və beynəlxql qurumlara müraciət olunmalıdır.
Digər tərəfdən, 1988-ci ilədək Ermənistandan qovulmuş vətəndaşların ya qaçqınlıq statusu bərpa olunmaldırı, ya da onlara ikili vətəndaşlıq verilməlidir. Əgər kompleks işlər görülsə, bu, çox böyük bir uğurlara gətirib çıxaracaq.
Biz təşkilat olaraq hesab edirik bu, doğru yoldur və sonadək bu yola dəstək verməyə çalışacağıq”.


Facebook-da paylaş