“Yaxın günlərdə əmanətçilərin əsas vəsaitləri və ona hesablanmış faizlər rahatlıqla qaytarılacaqdır”





Mərkəzi Bankın qərarı ilə daha dörd bankla bağlı prosedurlar başlanıb. Onlardan ikisinin bağlanması haqqında artıq qərar da verilib.
Bankların bağlanması daha çox əhalinin həmin banklarda olan əmanətlərinin taleyi ilə bağlı narahatlıq yaradır. Millli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə isə hesab edir ki, bununla bağlı heç bir narahatlığa əsas yoxdur.


Məsələyə aydınlıq gətirən millət vəkili Moderator.az-a açıqlamasında bildirib ki, ötən ilin əvvəllərindən Prezident İlham Əliyevin ölkədə başlatdığı iqtisadi islahatlar bütün sahələr kimi, bank sektorunu da əhatə edir:

“Bank sistemində aparılan islahatlara adekvat olaraq sistem bankların yaradılması əsas məqsədlərdən biridir. Lakin bu zaman görünür ki, bəzi banklar həm kapital problemlərini, həm də likvidlik problemlərini həll edə bilmirlər. Kapitalın və likvidlilliyin həll edilməməsi sonda bankların həm öz müştəriləri qarşısında, həm də digər öhdəliklərinin yerinə yetirilməsində problemlə üzləşməsinə səbəb olur”.

“İki bankın lisenziyası geri alınıb”

Mahir Abbaszadənin sözlərinə görə, buna görə də Mərkəzi Bank müəyyən tədbirlər görməyə məcburdur:

“Azərbaycandakı 30 bankdan 4-də inzibaçılıq işləri həyata keçirilməkdədir. Mərkəzi Bank tərəfindən inzibatçılar təyin edilib. Artıq dünən kollegial qərarla iki bankın lisenziyası geri alınıb. Bu bankların həm kredit portfelindəki problemlər, həm likvidillik məsələsi və kapital çatışmazlığının baş verməsi onların lisenziyasının geri alınmasını labüd edib.
Digər iki bankla bağlı isə MB-ın qərarı belə oldu ki, onlarla bağlı sağlamlaşdırma aparılsın. İnzibatçılar tərəfindən həmin bankların bundan sonrakı fəaliyyəti qiymətlədiriləcək. Bunun nəticəsi olaraq Mərkəzi Bank onlar haqqında da qərar verəcəkdir”.
 
“Banklar bunun öhdəsindən gələ bilməlidirlər”

Millət vəkili hesab edir ki, bu tədbirlər bankların real sektoru dəstəkləmək funksiyalarını artırmağa xidmət edir:

“Bütövlükdə Azərbaycanda real sektorun dəstəklənməsi, sahibkarlıq subyektlərinin qorunub saxlanması və inkişaf etdirilməsi, eyni zamanda əhalinin istehlak bazarında fəaliyyətinin genişləndirilməsi və sair baxımdan bankların rolu əhəmiyyətlidir. Bu baxımdan bankların həm requlyator kimi, həm real sektorun banklar tərəfindən dəstəklənməsi baxımından bankların faəliyyəti mühüm xarakter daşıyır. Ancaq banklar bunun öhdəsindən gələ bilməlidirlər”.
 
“Əhali, depozitorlar narahat olmasınlar...”

Millət vəkili bağlanan banklarda olan depozitlərlə bağlı narahatlıqlara da aydınlıq gətirib:

“Burada əhalini daha çox narahat edən məsələlərdən biri depozitlərin qaytarılmasıdır.
Xatırladım ki, Cənab Prezidentin Milli Məclisə təqdimatı əsasında qəbul edilmiş qanuna əsasən, məbləğindən asılı olmayaraq milli valyuta ilə illik 12 faiz dərəcəis və xarici valyutada olan illik faiz dərəcəsi 3 faiz olan əmanətlərin hamısı dövlət tərəfindən sığortalanıbdır.
Yaxın günlərdə həmin banklarla bağlı qərar verildikdən sonra əmanətlərin qaytarılması üçün agent bank seçiləcək və depozitorların əsas vəsaitləri və ona hesablanmış faizlər rahatlıqla qaytarılacaqdır”.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.


Facebook-da paylaş