“Azərbaycan bolşeviklərinin Cümhuriyyətin süqutunda “müstəsna” xidmətləri olub...”


“Əlbəttə, daxili siyasi böhranı heç kim inkar etmir. Lakin Azərbaycan bolşeviklərinin Cümhuriyyətin süqutunda “müstəsna” xidmətləri olub. Bu reallıqdır”.

 

Bu fikirləri 28 aprel işğalının tarixi ibrət dərslərindən bəhs edərkən millət vəkili, tarixçi professor Anar İsgəndərov Moderator.az-a açıqlamasında deyib.


Bu gün Sovet Rusiyasının Azərbaycanı işğal etməsinin yüz ili tamam olur. 28 mayda müstəqilliyini elan edən Azərbaycanın suverenliyinə 23 ay sonra məhz 28 apreldə bu işğalla son qoyuldu. İşğal Rusiya tərəfindən həyata keçirilsə də Azərbaycan kommunistlərinin və bolşeviklərinin bu prosesdəki “fəaliyyətləri” hər zaman cəmiyyətdə mübahisələrə və müzakirələrə səbəb olur.


 Millət vəkili Anar İsgəndərov XI Ordunun Bakıya yeridilməsində bolşeviklərin “xidmətləri”ni xüsusi qeyd etsə də, onu da vurğulayıb ki, bu olmasaydı belə Rusiyanın Azərbaycanı işğal etməsi qaçılmaz idi:
 
“Ancaq hətta bu “xidmətlər” omasaydı belə, bolşevik Rusiyası AXC-nin varlığına son qoyacaqdı. Nə üçün? Ona görə ki, vətəndaş müharibəsindən yenicə çıxan Rusiyaya Bakı nefti hava və su qədər lazım idi. Hətta Azərbacan bolşevikləri də Sovet Rusiyasına qarşı olsaydı belə, yenə Rusiya Azərbaycanı işğal edəcəkdi.
 
Amma o da bir həqiqətdir ki, bu işğalda bolşeviklər “5-ci kolon” rolunu oynadılar və onların fəaliyyəti, eləcə də ölkədəki siyasi böhran bu işi sürətləndirdi. Bir daha vurğulayım ki, ölkədəki bütün siyasi qüvvələr yekdillik nümayiş etdirsəydilər də, gec-tez Rusiya Azərbaycanı işğal edəcəkdi”.

Tarixçi alim bu tarixin bizim üçün həm də bir ibrət dərsi olduğunu vurğulayıb:

“28 May bizim üçün nə qədər şərəfli bir tarixdirsə, 28 aprel də o qədər ağrılı bir tarixdir, lakin həm də ibrətli bir tarixdir. Bir tərəfdə müstəqilliyin tarixi, bir yanda isə əsarətin və işğalın tarixi - bu təbii ki, bizə ibrət olmalıdır. Bu gün bütün Azərbaycan cəmiyyəti birlik nümayiş etdirməlidir ki, işğal altında olan torpaqlaırımızı azad edək və ölkəmizi güclü bir Azərbaycana çevirə bilək. Bu cəhətdən bizim hər birimiz bundan nəticə çıxarmalıyıq. 28 aprel ibrət götürməli bir tarixdir”.


Facebook-da paylaş