"Bu da son deyil, yəqin ki, il ərzində bankların bağlanması prosesi davam edəcək" - Proqnoz


Daha 4 bankın ləğv edilməsi prosesi başlandı, həmin banklarda cəmi 812,5 milyon manat əmanət qalıb.

"Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olundu.

Baxmayaraq ki, 10 gün öncə Azərbaycanda bank sistemi likviddir deyən Mərkəzi Bank sədri növbəti dönəmdə ilk qərarı 4 bankın fəaliyyətinin dayandırılması oldu. Bununla da fəaiyyəti dayandırılan bankların sayı 17-ə çatdı. Bundna sonra Azərbaycan banklarının sayı 26 olacaq. Hesab edirəm ki, bu da son deyil, yəqin ki, il ərzində bankların bağlanması prosesi davam edəcək.

Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub. Bu o deməkdir ki, bu gündən həmin bankların ödəmə qabliyyətini itirdiyinə görə ləğv edilməsinə başladı. Bu o deməkdir ki, həmin bankların idarə heyəti bu gündən sonra səlahiyyətlərini itirir, ondan sonra ləğv etmə komissiyasının tövsiyyəsi əsasında banklar ya bağlana, ya da birləşə bilər, ondan sonra isə bankda olan əmanətlərin geri qaytarılmasına başlanılmalıdır. Əmanətlərə gəlincə, 1 oktyabr 2019-cu ilə olan son məlumata görə "Atabank”-da 286,3 milyon manat, 1 yanvar 2020-ci ildə isə “AGBank” -da 208,2 milyon manat, “NBC Bank” 142,8 milyon manat və “Amrah Bank”-da 175,2 milyon manat əmanət vardır. Beləliklə də, 4 bankda cəmi 812,5 milyon manat əmanət qalıb. Əmanətlərin qaytarılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən aparılacaq. Bu zaman ilk növbədə sığortalanmış əmanətlər sahiblərinə qaytarılacaq və ən böyük çətinlik cari hesablarda olan vəsaitlərlə yanaşı sığorta olunmayan əmanətlərin qaytarılmasında gözlənilir.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar, Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu məhduddur, vətəndaş müraciətləri elektron formatda e-gov.az “Elektron Hökumət” portalı vasitəsilə adif.az saytı üzərindən və adif@adif.az e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunur.

Qubad İbadoğlu, iqtisadçı alim


Facebook-da paylaş