"İranın bu davranışlarının qarşılığında İsraillə hərbi əməkdaşlığı gücləndirməliyik"


“İranın bu addımı birbaşa Ermənistana dəstək verməkdi və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımdır”.



Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa İranın Araz çayı üzərindən Azərbaycanın işğal edilmiş ərazilərinə keçid məqsədilə tikdiyi körpülər barədə medaida yayılan faktlara münasibət bildirərkən deyib.


Fazil Mustafanın sözlərinə görə, Azərbaycan İranın bu davranışlarını qarşılıqsız qoymamalıdır:

“Fikrimcə, Azərbaycan bu məsələlərdə daha fərqli formalardan istifadə etməlidir. İranın Azərbaycanla bu davranışlarının qarşılığında İsraillə hərbi əməkdaşlığı gücləndirməlidir. Bütün hallarda İranın bu təhlükəli və qonşuluğa sığmayan davranışına ən azı özünün ərazisini və suverenliyini qorumağa yönəlmiş digər addımları atmalıdır.
Hesab edirəm ki, bütün hallarda qeyri-qanuni şəkildə Ermənistanla Azərbaycanın işğal altındakı ərazilərindən “həyat yolu” açmış İrana bunun, əslində Azərbaycana qarşı yönəlmiş düşmənçilik hərəkəti olduğunu göstərməlidir”.


Millət vəkili əlavə edib ki, bunu nümayiş etdirməyin müxtəlif yolları var:

“Azərbaycan İranla bağlı tutduğu mövqeyi də gələcəkdə nəzərdən keçirməlidir. Biz İranla bağlı heç bir sanksiyaya qoşulmadıq, Azərbaycandan İrana qarşı hərbi plastdarm kimi istifadə edilməsinə yol vermədik. Bunun qarşılığında İran bizi açıq-aşkar bu cür addımlarla çox çətin vəziyyətdə qoyur. Bu, qonşuluq prinsiplərinə ziddir.
Bu, düşməncə bir addımdır. Çünki bu ərazilər Azərbaycan torpaqlarıdır. İran dərhal o körpülərin fəaliyyətini dayandırmalıdır. Əks halda, gələcəkdə İrana qarşı hər hansı prosesdə Azərbaycan bunun cavabını verməlidir”.
 

Xatırladaq ki, son günlərdə Ermənistan tərəfindən işğal edilmiş əraizilərimizdə İrana məxsus yük maşınlarının videogörüntüləri və Cəbrayıl rayonu ərazisində tikilən körpülərin kosmosdan çəkilmiş fotoları yayılıb. Bu faktlar haqlı olaraq Azərbaycan ictimaiyyətində kəskin etirazla qarşılanır və işğalçının dəstəklənmisi kimi qiymətləndirilir.

İran tərəfi hələlik yayılmış fotolarla bağlı mövqeyini açıqlamayıb.


Facebook-da paylaş