“Azərsu” rəsmisi: "Bakıda istifadə edilən suda koronavirus təhlükəsi yoxdur"


“Bakıda istifadə edilən su emal edilir, zərərsizləşdirilir və ondan sonra əhaliyə verilir”.
 
Bunu Moderator.az-ın sualını cavablandırarkən "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
 
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bir sıra ölkələrdə təkcə əhaliyə verilən içməli su deyil, bütövlükdə şəhər təsərrüfatında istifadə edilən suyun xüsusi nəzarətinə diqqət yetirilir. Buraya küçələrin yuyulması və parkların suvarılmasında istifadə edilən su da daxildir.


Belə olan halda paytaxt Bakıda və Abşeronda bu məqsədlə istifadə edilən suyun koronavirusa qarşı mühafizə edilib-edilmədiyi narahatlıq doğurur.


Bununla bağlı saytımıza açıqlamasında Anar Cəbrayıllı bildirib ki, bu barədə heç bir narahatlığa əsas yoxdur:
 
“Çünki bizim həm parkların suvarılmasına, həm digər obyektlərə verdiyimiz su əhaliyə verilən içməli su ilə eynidir. O da bütövlükdə təmizlənir, yoxlanılır və bütün şərtlərə uyğunlaşdırılaraq istehlakçılara ötürülür. Parkların suvarılmasında, küçələrin yuyulmasında istifadə edilən suyun evimizdə olan sudan heç bir fərqi yoxdur. Ona görə bu barədə narahat olmağa da əsas yoxdur”.


Xatırladaq ki, bir neçə gün öncə Fransanın paytaxtında şəhər təsərrüfatına verilən suda koronavirus tapılmışdı və Paris meriyası parkalara və digər şəhər təsərrüfatına verilən suyu dayandırmaqla bağlı təcili qərar qəbul etmək zorunda qalmışdı.



Facebook-da paylaş