Döyüş və həyat yolu möçüzələrlə dolu olan şəhid komandir - silahdaşlarının Feyruz Alışov haqqında xatirələri



28 yanvar şəhid komandir, əfsanəvi “Kəlbəcər taboru-712”nin qurucularından olan Feyruz Alışovun doğum günüdür. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş kapitan Feyruz Bəyiş oğlu Alışov.

Əslində ölməyib! Kim bilir... Həyat möcüzələrlə doludur, axı!

Feyruz Alışovun həyat və döyüş yolu doğrudan da möcüzələrlə doludur. Bunu onun silahdaşlarının, döyüş yoldaşlarının, əsgərlərinin söhbətlərinə qulaq asan, xatirələrini oxuyan hər kəs bilir!

Keçmiş döyüşçü, vaxtilə Feyruz Alışovun əsgərlərindən biri Vüqar İsayevin təşəbbüsü ilə komandirin doğum gününü ictimai maarifləndirmə aksiyasına çevirdik. Kəlbəcərin daşına-qayasına sığınıb onunla birlikdə çiyin-çiyinə düşmənə vuruşmuş döyüçü yoldaşlarının, əsgərlərinin xatirəsini topladıq. Kapitan Alışovun döyüş yoldaşları, əsgərləri öz xatirələrini necə yazıbsa, olduğu kimi izləyicilərimizlı paylaşmağı qərara aldıq.

Xoşbəxtliyi axtararaq şəhid oldu


Birinci elə bu ideyanının müəllifi, sıravi Vüqar İsayevdən başlayaq:
Doğum günün mübarək, igid komandir!
Bu gün sənsiz sənin doğum gününü Qohumların, döyüş yoldaşların səninlə bağlı xatirlələrini, ürək sözlərini yazırlar...

Feyruz Alışov 1993- çü ilin 13 oktyabrında ailə həyatı qurmuşdu. Təsadüfmü, bu 13 rəqəmi? Yoxsa.. təzəcə ailə səadətinə qovuşmuş bu cütlüyün nakam taleyinin nəhs xəbərdarlıq idi? Yox! Hər birimiz komandir və döyüş yoldaşımız kimi bunu bilirik, təsdiq edə bilərik...

Feyruz Alışov ölümə getdiyini bilirdi. Şüurlu şəkildə. Ölümün gözünə dik baxa bilirdi. “Ölümdən qorxmuram” dedi igid, mərd və əvəzsiz komandirmiz. Yenicə qovuşduğu səadətindən, xoşbəxt ailə başçısı olmaqdan, rahat yaşayışından və nəhayət, canından-qanından keçdi. “Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda ölmək şərəfdir” dedi.

Yaxşı yadımdadır, toyundan heç bir həftə keçməmiş yenidən cəbhəyə döndü. Baxmayaraq ki, bir aylıq məzuniyyət verilmişdi. ,,Vətən işğalda, torpaqlarımız yağı tapdağında bizə rahatlıq yaraşmaz” deyirdi .

Axı, onun da xoş günlər keçirməyə haqqı var idi! Nazir balaları kimi bal ayına getmək onun da haqqı idi. Amma o, bu rahatlığını hər cür xoşbəxtlikdən üstün tutduğu, canından çox sevdiyi doğma Kəlbəcəri murdar yağılardan azad etməkdə axtarırdı. Elə bu xoşbəxtliyi axtara-axtara Kəlbəcərin ən uca zirvəsində qeybə çəkildi, sanki. Soyuq bir qış günündə, 1993-cü il fevralın – məşəqqətli “Murovdağ əməliyyatı”nda...

Bütün döyüş yoldaşlarının qəlbində igid və cəsur komandiri kimi qaldı Feyruz Alışov! Təəssüf, haqq etdiyi haqqını layiqincə almadı, ,,Milli qəhrəman” adına layiq döyüşçü olub kapitan Alışov!!!

Onun döyüş yolu şərəfli zabit yolu olub

Tabor komandiri, polkovnik Balay Nəsibov:
Alışov Feyruzu 1992-ci ilin mayından 712 saylı tabora qərargah rəisi təyin olunandan tanıdım. O zaman Kəlbəcərdə yerləşən iki taborun birləşərək 701 saylı briqadanın tərkibində yaranan 712 saylı taborumuzda ştata uyğun zabitlərin seçilərək vəzifələrə təyin olunması üçün briqada komandirinə siyahılar təqdim olunmalı idi. Mən bir qərargah rəisi kimi Alışhovu yuxarı vəzifəyə, yəni qərargah rəisinin müavini vəzifəsində xidmət etməsi haqqında onun fikrini soruşdum. Bir söz dedi: “Bacararam etimadınızı doğruldum”.
Onun haqqında çox danişmaq olar. Taborun döyüş fəaliyyətlərində danılmaz xidmətləri olmuşdur.

Bir epizodu xatırladım: 1993- cu il aprelin 1-dən 2-nə keçən gecə bizim qüvvələr artıq Dikyurd zastavasında itki vərərək, “Yolaşan” deyilən ərazidə mövqelənmişdik. Mənim çox haldan düşdüyümü görən Feyruz Alışov mənə söylədi: “Mən mövqedə shexsi heyəti idare edəcəyəm siz 1-2 saat mövqe seçdiyimiz yerin arxasındakı mal tövləsində gözünüzün acısını alın”. Dedim Feyruz, axı, sən məndən də pis gündəsən, mən səni bu vəziyyətdə necə qoya bilərəm?!

Düşmən bizim 500-600 metrliyimizdə idi. Amma neçə gündur yuxusuzluq və yorğunluq bizi əldən salmışdı. Dedim ki, onda belə edək: postları yoxlayaraq, növbə ilə 1-2 saat mal tövləsində otun arasında dincələk.

Belə də etdik, hər birimiz təxminən 1 saat dincələ bildik. Amma artıq düşmənə güc gələcək qüvvələrimiz olmadığından bacardığımız qədər şərait yarada bilirdik ki, mülki əhali cıxa bilsin. Əhalinin təxliyyəsi zamanı Feyruz Alışovun fədakarlığı haqqında cox danışmaq olar. Onun döyüş yolu şərəfli zabit yolu olub. O, bütün əsgər və zabitlərin qəlbində həmişə yaşayacaqdır.

Arzuları ürəyində qaldı...

Təchizat üzrə komandir müavini Tahir Həşimov:
Biz Alışov Feyruzla Kəlbəcər rayonunda 809 nömrəli hərbi hissədə zabit kimi bir yerdə xidmət etmişik. Yaxın dost olmuşuq. Ağdabanda döyüşlərində də bir yerdə idik. Mədəni səviyyəsi yüksək, davranış mədəniyyəti olan, böyük-kiçik yerini bilən insan idi.
Onunla Kəlbəcər rayonunda İstisu sanatoriyasında yerləşən 712 nömrəli hərbi hissədə 3-cü korpusda 55 nömrəli otaqda 7-8 ay bir otaqda qalmışıq. Çox gözəl süfrə yoldaşlığı da vardı. Hər axşam meyvə doğrayıb söhbət edə-edə yeməyi xoslayırdı. Ən çox zümzümə etdiy Şəmistan Əlizamanlinin ifasında “Marş irəli, Azərbaycan əsgəri” mahnısı idi İnsanlarla tez ünsiyyət qurmağı bacarırdı. Həmişə istəyirdi ki, 712 nömrəli hərbi hissə nümunəviliyi ilə seçilsin.

Heyf, belə bir dostumu itirmişəm, arzuları ürəyində qaldı... Allah rəhmət eləsin!

Feyruz Alışovu belə tanıdım...

Sıravi Elxan Salahov:
Mən Feyruz Alışovu ilk dəfə 1992-ci ilin fevralında –Kəlbəcər şəhərindəki rus məktəbində yerləşən 809 saylı hərbi hissədə xidmətə başladığım zaman tanımışam. Əsgər və zabit heyəti ilə mədəni davranışlarına görə ilk baxışdan tələbkar komandir təəssüratı yaradırdı. Elə mənim də yadımda Feyruz Alışov peşəkar hərbçi, tələbkar komandir kimi qalıb.
O vaxt əsgərlər gün ərzində bir neçə dəfə hərbi hissənin qarşısındakı kiçik meydanda sıra düzülüşünə çıxır, hərbi marş sədaları altında təlim-məşq toplantısı keçirilirdi. Sıra düzülüşü zamanı Feyruz Alışovun əsgərlərin geyim qaydalarına əməl edib-etmədiyini yoxladığını, “Marş irəli, Azərbaycan əsgəri!” mahnısının sözlərini bilməyən, yaxud uca səslə oxumayan əsgərləri önə çıxarıb danladığını xatırlayıram.

Feyruz Alışovu 1992-ci ilin aprelində Ağdaban kəndi yandırıldıqdan sonra daha yaxından tanımaq imkanım oldu. Bu dəfə təkcə hərbi nizam-intizamı sevən tələbkar zabit deyil, həm də sözün həqiqi mənasında vətən fədaisi, əsgərin qayğısını çəkən, yeri gələndə son tikəsini onunla bölüşməyə hazır olan komandir kimi...

O dövrdə cəbhənin Kəlbəcər istiqamətində ən qaynar nöqtələrindən biri Ağdaban kəndi idi. Biz Ağdabanda olarkən Feyruz Alışovu da tez-tez orada görürdüm. Ermənilərin bir geçənin içərisində yandıraraq xarabalığa çevirdiyi Ağdabanda evlərdə baxdıqca elə dərindən köks ötürürdü ki! İşğalçıların bu vandalizm hərəkətlərini, fitnəkarlığını heç cür bağışlaya edə bilmirdi. “Darıxmayın, Ağdabanın intiqamını düşməndən alacağıq” deyə əsgərləri növbəti döyüşlərə ruhlandırırdı.

Feyruz Alışovu hərbi hissənin zabit heyətində ən zəhmətkeş, döyüşkən, çətinliklərdən qorxmayan, əksinə, sinəsini qabağa verən zabitlərdən biri kimi xatırlayıram. Xarakter etibarlə sakit təbiətli olsa da, əsgərlərə qarşı tələbkar idi. Amma hərbi qaydalara tabe olan, komandirlərin tapşırıqlarını vaxtında və tələb olunan səviyyədə yerinə yetirənlərə qarşı diqqətcil idi. Bu, onun zabit kimi şəxsi keyfiyyəti di. Mən “Kəlbəcər taboru”nda xidmət etdiyim bir il ərzində Feyruz Alışovu belə tanıdım.

Onunla bağlı daha bir epizodu tez-tez xatırlayıram:
1992-ci ilin yazında Ağdaban kəndində Qrad (BM-21) döyüş qrupunda xidmətdə olarkən qulağımda karlıq əmələ gəldiyi üçün məni hərbi hissənin İstisu qəsəbəsində yerləşən tibb məntəqəsinə gətirmişdilər. Müalicəmlə əlaqədar uzun müddət buarada qalası oldum. Bir dəfə tibb məntəqəsindən Bağırov sanatoriyasına tərəf gedərkən Feyruz Alışov qarşıma çıxdı. Yəqin ki, hansısa işlə əlaqədar döyüş zonasından yenicə gəlmişdi, yorğun və qayğılı idi. Hərbi salam verib yanından keçmək istəyirdim. Məni saxladı:
-Sən hələ buradasan?
Məni cəzalandıracağından qorxurdum. Dilim-dodağım əsə-əsə cavab verdim:
- Bəli, komandir?
Səni qosptala yazmışdılar, axı..
- Bəli, komandir. Gəncəyə göndərməlidirlər, növbə gözləyirəm.
Əli ilə tibb məntəqəsini göstərdi:
- Keç içəri görüm...
- Pərt halda başımı aşağı salaraq tibb məntəqəsinə tərəf qayıtdım. Alışov isə arxamca gəlirdi. İti addımlarla elə sürətlə yeriyirdi ki, tibb məntəqəsinə tez çatıb xilas olmaq istəyirdim...
-“Sançast”da əsgər var?
- Bəli, komandir, 7-8 nəfər var...
Qapının ağzına çatnada “Sən burada gözlə” deyib özü içəri keçdi. Beş-on dəqiqədən sonra tibb məntəqəsində müalicə olunan əsgərlərdən 2 nəfərlə birlikdə geri qayıtdı. Həmin əsgərlərdən biri həmkəndlim Çümşüd Şahbəndəyev idi (Cümşüdün çəkməsi ayağını döyüb yaralamışdı, axsaya-axsaya gəzirdi), digərini xatırlamıram. Əsgər yeməkxanasının qarşısına çatanda Feyruz Alışov bir qədər aralıda dayanmış yük maşınını göstərərək bildirdi ki, bizi zastavalara göndəriləcək silah-sursatı maşınına yükləmək üçün aparır. Maşının kuzovunda bir neçə əsgər də vardı. Hamımız maşına qalxdıq, Cümşüd Şahbəndəyevin kuzova qalxmaq istəyəndə səndələdi, az qala yıxılacaqdı. Alışov onun çətinlik çəkdiyini görüb “sən deyəsən, yeriyə bilmirsən” deyib onu geri qaytardı. Biz isə maşınla aşağı kəndlərin hansısa birinə gedib silah-sursatı döyüş zonasına yola salıb geri qayıtdıq.

Bundan sonra Feyruz Alışov məni bir neçə dəfə maşına silah-sursat yükləməyə apardı. Bir neçə əsgərlə ağır mərmi yeşiklərini nizamla maşına yığır, sonra yenidən hərbi hissəyə qayıdırdıq. İşimizi görüb qurtaranadək Feyruz Alışov, necə deyərlər, nəfəsimizi kəsirdi. Silah-sursatı ön xəttə maşını yola salandan sonra isə bizə qarşı elə qayğıkeşlik göstərirdi ki, bayaqkı tələbkarlıqdan əsər-əlamət qalmırdı.

Tale elə gətirdi ki, Feyruz Alışov məndən iki yaş kiçik olan qardaşım Elşadın bölük komandiri oldu. Elşad bu hərbi hissədə məndən 4 ay gec xidmətə başlamışdı. Mən həm də 1 il sovet ordusunda xidmət etmişdim deyə, daha təcrübəli idim. Amma hiss edirdim ki, komandirlər Elşadı bir əsgər kimi daha yaxşı tanıyırlar. Bunu onun bölük konadiri olan Feyruz Alışov da hiss etdirmişdi.

“Get müalicəni qurtar, qospitaldan qayıdandan sonra bizim bölükdə xidmət edərsən. Onsuz da Hicran Abbasov (Qrad (BM-21) qrupun komandiri) səni yanına götürməyəcək, qardaşının yanında bizim bölüyün əsgəri olarsan” deyə, növbəti dəfə qayğkeşlik göstərmişdi...

Elşad Salahov da “Murovdağ əmliyyatı”nda şəhid oldu. İkisi də eyni taleyi yaşadı, cəmi 37 gün fərqlə. Rabitəçi Elşad Salahov yanvarın 2-də, komandir Feyruz Alışov isə fevralın 2-də...

Aramızda olmasan da, vətən həsrəti ilə döyünən, intiqam hissi çırpınan qəlbimizdə yerin var, cənab komandir! Bu ehtiramı Sən özün qazandın! Tələbkarlığınla, döyüşkənliyinlə, yeri gələndə qayğıkeşliyinlə bir örnək oldun, əsgərlərinin qəlbində acılı-şirinli xatirələrə çevrildin!

Müharibə bitməyib, mübarizə davam edir! Səni sevindirəcəyik, komandir!

Şəhid əsgərlərinin, zabit dostlarının qisasını alacağıq, buna əmin ola bilərsən!

Qisas anını gözləyirik!

O, ilk ordu qurucularından biri idi

Sıravi Mikayıl Rzayev:

Kapitan Alışov Feyruzu 1992-ci ildən tanıyıram. O, Azərbaycanın ilk ordu qurucularından biri idi. Onun keçdiyi döyüş yolu bir çox əsgərlər kimi, mənə də məlumdu. 1994-cü ildə Kəlbəcərin işğaldan azad olunması üçün həyata keçirilən ikinci “Murovdağ əməliyyatı” vaxdı onun necə qorxmaz, igid, vətənpərvər olduğunu mən də öz gözlərimlə görmüşəm. Onun sonuncu əməliyatı, bəlkə də, Azərbaycan ordusunda görünməmiş bir qəhramanlıqdı. Belə ki, komandir batalyon olasan, sıravi əsgərin gedəcəyi bir kəşfiyyatı özün yerinə yetirəsən.
Şəhid olduğu, yoxsa, əsir düşdüyü bu günə qədər bilinməyib. Şəhid olubsa, Allah rəhmət eləsin, sağdısa, Allah qapısını açsın!

Əsgərlərin “Farağat!” duruşu...

Sıravi Nəsimi Baxışov, (Feyruz Alşovun əmisi oğlu)

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyirəm!
Komandirimiz Feyruz Alışov barədə çoxlu xatirələrim var. Bir çox döyüş yoldaşlarımız onu yaxşı tanıyırdı. Mən çox xatirələr dəyə bilərəm, hamısını danışmaq üçun ən azı 27 il vaxt lazımdır.
Kiçik bir epizod deyim: Bir gün İstisudakı yeni qərərgaha getdim. Feyruz Alışovla görüşdüm. Onunla söhbət zaman mənə bir açar verdi, dedi ki, get mənim otağımdakı qarderobdan bir forma seç və geyin. Çünki hərbi formam köhnəlmişdi elə də etdim...
Qarderobdan qayıdıb yenidən onun otağına gələnədək hər bir əsgər məni gördükdə sanki Alışov Feyruz olduğumu güman edirdilər. Otağa girməyimlə rəhmətlik ürəkdən güldü. Dedim əmioğlu, başa duşmədim, əsgərlər məni görəndə “Farağat!” halında dururdular, bu nə məsələdi. Gülərək dedi ki, əmioglu, formanı geyinəndə hərbi rütbələri çıxartmaq lazımdır. Mən sonradan anladım ki, əsgərlərin “Farağat!” duruşu əynimdəki formanın üzərində olan hərbi rütbəyə görə imiş...
Allah bütün şəhidlərə rəhmət eləsin!

“Onun sayəsində xilas ola bildik”

Sıravi Natiq İbrahimov:

Kəlbəcərdə batalyon yarananda ilk əsgərlərdən olmusam. Mənim Alışov Feyruz haqqında çox xatirələrim var. Çünki mən Kəlbəcərin işğaldan azad edilməsi yolunda gedən bütün döyüslərdə demək olar ki, Alışovla bir yerdə olmuşam. Baxmayaraq ki, aradan uzun illər kecib, Alışov mənim yaddaşımda ağır təbiətli, mülayim, həmişə bizimlə komandir kimi yox, bir dost və qardaş kimi davranıb.
Bir xatirəni də qeyd edim: Biz Alaxançallıdan Kəlbəcərə gedərkən dağı aşanda borana düşdük. Külək, qar, çovğun, duman gözümüzü açmaga imkan vermirdi. Alışov bizə möhkəm olmağı, yatmamağı və bir-birimizə yaxın olmağı tapşırdı. Komandirləri və kəşfiyyatçıları çıxmaqla, bizim şəxsi heyətdəkilərin hamısı Bakının Qaradağ rayonundan olanlar idi. Dağ görməyən adamların Murov kimi dağda borana düşməsini təsəvvür etmək çətin deyil. Biz cərgəyə düzülüb bir-birimizin buşlatının arxasından tutaraq Alışovun və kəfiyyatçıların qoçaqlığı nəticəsində xilas ola bildik. Mən orada kəşfiyyatçı şəhid qardaşımız Eldar Hümbətovun da fədakarlığını qeyd etməsəm günah olar. Biz həmin cətinlikdən itkisiz çıxa bildik.

Bu gün mənə əziz və doğma olan şəhid qardaşlarımın ruhu qarşısında bas əyirəm. İnsallah Kelbəcəri azad edərik və həmin vaxtdan şəhidlərimizin qarşısında borcumuzdan az da olsa, ödəmiş olarıq.
Allah şəhidlərimizə rəhmət eləsin!

Feyruz Alışovun tərs silləsi...

Əsgər yoldaşı Şamxay Şamilov:

Mən 1963-cü il oktyabrında Kəlbəcər rayon Kilsə kəndində anadan olmuşam. 1982-1984-cü ildə Alışhov Feyruzla Monqolustanda hərbi xidmətdə olmuşuq. Feyruz çox mərd, səmimi, həm də millətpərəst idi.
Onunla bağlı xatirələrim çoxdur, birini yazım: Bir starşina (gizir) vardı, çox güclü idi. Həm də idmançıydı, əsgərlərdən heç kim onun sözündən çıxa bilməzdi. Bir sözlə, hamının gözünü qırmışdı, kim o yan-bu yan eləsə, aparıb otaqda dğyürdü. Bir dəfə Feyruzla mən cərgədə güldük, bizi qabağa çıxarıb dedi ki, arxamça gəlin otağın qapısının ağzına. Feyruz onun çiynindən tutub özünə tərəf çevirdi, bircə şapalaq vurdu. Onun həm burnundan, həm də qulağından qan axdı. Bu hadisədən sonra həmin əsgəri bir daha hərbi hissədə görmədik.

Feyruz çox cüssəli və qamətli idi. Allah rəhmət eləsin, ruhu şad olsun!

“Mənə dedi ki, burada qohumluq işləmir”

Sıravi Mais Salmanov (Oruclu kəndi):

Mən 1992-ci ildə çağırışla hərbi xidmətə yolanmışam. 712 saylı taborda xidmət etmişəm. Orada Alışov Feyruz Bəyiş oğlunu görmüşəm. Tanışlıq zamanı rəhmətlik qoca nənəmin qohumu çıxdı. Mənə dedi ki, qohumluq çöldədi, burada qohumluq və yerlibazıq işləmir. Ona baxmayraq, həmişə mənə köməklik etdi.
İkinci “Murovda əməliyyatı”nda bir yerdə idik. Əsgərlə çox yaxşı münasibət quran komandir olub. Onunla çox söhbətlerim oldu, yazmaqla qurtarmaz.
Heyf, təzəcə ailə qurmuşdu. Çox kədərləndim. Allah rəhmət etsin!

Sanki həqiqətən hərb üçün doğulmuşdu

Sıravi Natiq Fətəliyev:

Rəhmətlik Alışov Feyruzla bağli bu xatirələr yadımda qalıb. Alışov batalyonumuzda çox səliqəli və təmkinli bir komandir idi. Elə bil ki, rəhmətlik həqiqətən hərb üçün doğulmuşdu. Gözəl insan, gözəl komandirimiz idi.
1993-cü ilin fevral ayında rəhmətlik Alışov Feyruzla Xalid müəllim bizi Laçına aparırdı. Yol boyu çox maraqlı söhbətlərimiz oldu. Çox heyf ki, biz hər iki komandirimizi itirdik. Allah hər iki komandirimizə və bütün şəhid olan qardaş-bacılarımıza rəhmət eləsin” Məkanları cənnət olsun! Qəbirləri nurla dolsun! Amin!

Qamışlı kəndində ağır qəza

Sıravi Nəsimi Mehtiyev:

Mən də Alışovla bağlı bir xatirəmizi danışmaq istəyirəm. Alışovla bir yoldaş arxasınca getmişdik. Oradan çıxıb bəri gələndə Qamışlı kəndində evdən bir az uzaqlaşmışdıq ki, “Ural” maşını ilə qəza elədik. Maşın çox pis vəziyyətə düşmüşdü. Biz oradan sağ çıxdıq. Maşında 4 əsgər də vardı, ayaqları “kuza”nın altında qalmışdı. Biz onları cıxardıq, komandirin silahi maşının içərisində qalmışdı. Bir gün sonra maşını da çıxardıq.
Mən düşünürdüm ki, komandir mənə hirslənər, amma heç nə demədi, əlini kürəyimə çəkdi və dedi ki, Allaha şükür, salamat çıxdıq.
Çox gözəl və təmkinli komandir idi. Sağdırsa, Allah qapısını açsın! Rəhmətə gedibsə, Allah rəhmet eləsin!

Əsgərləri xilas etdi, özü isə...

Sıravi, Qoşqar Tağıyev:

Mən kapitan Alışov Fehruzu 1992-ci ildən tanıyırdım. Lakin döyüşdə bir yerdə olmamışdım. İkinci “Murovdağ əməliyyatı” zamanı döyüşdə bir yerdə idik. Biz Lev kəndində ayrılıb Qaraqaya damında yenidən görüşdük. Orada Alışovu bir döyüşçü kimi sanki yenidən kəşf etdim. Alışov da Balay müəllim kimi düzgün qərarla bizi geriyə çıxara bildi. Lakin özü həmin döyüşdə tara düşərək şəhid oldu. ALLAH rəhmət eləsin!







Facebook-da paylaş