Tofiq Qasımov kim idi?


Tofiq Qasımov



Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımovun vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev deyib ki, Tofiq Qasımov yanvarın 26-da 82 yaşında, yaşadığı İsveçrədə vəfat edib və bir gün sonra dəfn edilib.

Onun vəfat etməsi və dəfn olunması xəbərini İsveçrədə yaşayan Müsavat fəallı Hacı Hacıyev Tofiq Qasımovun kürəkənindən aldığını deyib.
Hacı Hacıyevin sözlərinə görə, Tofiq Qasımovun ailəsi onun Azərbaycanla və xüsusən də, mətbuatla əlaqə saxlamasını istəməyib.

Tofiq Qasımov 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri olub.

Tofiq Qasımov ən çox indiki Milli Məclisdə (Ali Sovetdə) o vaxt Ali Sovetin sədri olan Heydər Əliyevə qarşı çıxışı ilə yadda qalıb.

Tofiq Qasımov həmin çıxışında 1993-cü ildə keçirilmiş və prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi ilə nəticələnmiş referendumu qeyri-demokratik hesab etmişdi və bu, Heydər Əliyevin onu sərt tənqid etməsinə səbəb olmuşdu.
Bu çıxışı əks etdirən görüntülər YouTube-da yerləşdirilib.

Tofiq Qasımov 90-cı illərin ortalarında qiyamda ittiham olunaraq həbs edilmiş və azadlığa çıxdıqdan sonra əvvəlcə Türkiyəyə, sonra isə Avropaya getmişdi.

Tofiq Qasımov ailə üzvlərilə birlikdə illərdir, İsveçrədə yaşayıb.

O, Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib, yüzlərlə elmi əsərin müəllifidir.

Azadlıq qəzetinin 5 illiyi

Image captionKeçmiş xarici işlər naziri Tofiq Qasımov "Azadlıq" qəzetinin yaranmasının beş illiyi tədbirində iştirak edir (sağdan birinci Rövşən Cavadov, ikinci Tofiq Qasımov, üçüncü Şirməmməd Hüseynov)

Jurnalist Zemfira Məmmədqızı xatırlayır ki, 1993-cü ilin yayında "Azadlıq" qəzetinin yaranmasının beş illiyi qeyd olunan zaman Tofiq Qasımov da tədbirə qatılıb.

Zemfira Məmmədqızı onun tədbirdə söhbət etdiyi mövzulardan birini yaxşı xatırladığını deyib.

"Tofiq Qasımov öz işindən danışanda dedi ki, mən ölkədə, xaricdə keçirdiyim görüşlərə, tədbirlərə gedəndə çox sıxılırdım. Bircə dəst kostyumum vardı, hər yerə də onu geyinirdim. Axırda Pənaha (o dövrdə baş nazir Pənah Hüseynovu nəzərdə tuturdu) dedim ki, mənə bir neçə kostyumluq qarderob ayırın, qalsın kabinetdə inventar kimi. Görüşlərə o kostyumları geyinim. Ən azı ölkənin adından ayıbdı,"- Zemfira Məmmədqızı xatırlayır. Onun sözlərinə görə, Tofiq Qasımov "idealist nazir" olub.

Tələbkar və prinsipal

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Cenevrədə, Romada Tofiq Qasımovla birlikdə müxtəlif diplomatik görüşlərə qatıldığını xatırlayır.
Tofiq Zülfüqarov deyib ki, Tofiq Qasımov haqqında diplomatiya ilə əlaqəsi olmayan səxslər vaxtaşırı tənqidi fikirlər səsləndirib, amma o vaxtlar ölkədəki vəziyyət gərgin olub və təcrübəli diplomat yox dərəcəsində idi.

"O dövrdə siyasi mövqeyindən istifadə edib Xarici İşlər Nazirliyində işləmək istəyən insanlar çox idi. Tofiq Qasımovun meyarı konkret və prinsipial idi. O, 2-3 adamı öz peşəkar xüsusiyyətlərinə görə işə götürmüşdü,"- Tofiq Zülfüqarov deyib.

Cənab Zülfüqarov deyib ki, Tofiq Qasımov çox prinsipial adam olub və Xarici İşlər Nazirliyi strukturunda onun çox təmiz bir insan olması həmişə xatırlanır.

Siyasi şərhçi və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyib ki, o, Tofiq Qasımovla birgə Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupunun üzvü olub sonradan isə təşkilatın idarə heyyətində təmsil olunublar.

"İkimiz də fizik idik, bir-birimizi yaxşı başa düşürdük. Tələbkar və prinsipial adam idi və mövqeyindən dönməzdi. Bizim hamımızdan dürüstlük tələb edirdi və bu mövqeyindən dönməzdi,"- Hikmət Hacızadə bildirib.

"Onu hardasa başda oturmağa dəvət edəndə, getməzdi. Harda istərdi, oturardı və deyərdi, mənim oturduğum yer elə başdır,"- Hikmət Hacızadə onu zarafatcıl adam kimi xatırlayır.

O vaxtlar səfir kimi çalışan Hikmət Hacızadə deyib ki, Tofiq Qasımov XİN-də olanda onun prioritetləri Qərb və Türkiyə olub.

"O vaxt bizim hökümətin seçdiyi yol avrointeqrasiya idi. Türkiyə ilə mümkün qədər çox yaxınlaşmaq istəyirdik. Əfsuslar olsun ki, o vaxt nə Qərb, nə də Türkiyə buna hazır deyildilər,"- Hikmət Hacızadə deyib.

Cənab Hacızadə qeyd edib ki, Tofiq Qasımov nazir olduğu dövdə Azərbaycanın Avropaya inteqrasiyasının başlanğıcı sayılan "Helsinki sazişi" imzalanıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Qasımovu "istiqlalçı millət vəkili, həyatının sonunadək Müsavat partiyasının üzvü olaraq Azərbaycanda demokratik və azadlıq uğrunda öz töhfələrini verən görkəmli şəxsiyyətlərdən biri" adlandırır.

"Tofiq Qasımov görkəmli fizik idi, Azərbaycanın görkəmli ziyalılarından biri idi".

İnsan haqları müdafiəçisi Novella Cəfəroğu Tofiq Qasımovun xaricdə dəfn olunacağından kədər hissi keçirdiyini deyib.

"O, sədaqətli, təmiz və Azərbaycan dövlətini sevən insanlardan biri idi,"- Novella Cəfəroğlu bildirib.


Facebook-da paylaş