“Təhsil Nazirliyinin Bakı məktəbləri ilə bağlı bu addımı yüksək qiymətləndirilməlidir”

Nadir İsrafilov: “Bu, həm təhlükəsizlik, həm rahatlıq, həm də işin daha səmərəli təşkili baxımından çox faydalıdır”



Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında cəmiyyətdə böyük maraq və məmnunluğa səbəb olan yenilik haqqqında məlumat verib. Nazir qeyd edib ki, gələn tədris ilinə qədər Bakıda şagird sıxlığının daha çox müşahidə edildiyi məktəblərə xüsusi avtobusların ayrılması, şagirdlərin məktəbə gedib-gəlməsinin bu avtobuslar vasitəsi ilə təmin edilməsi planlaşdırılır.
 
Maraqlıdır, şagirdlərin məktəblərə xüsusi avtobuslarla aparılması onların rahatlığının və təhlükəsizliyinin təmini baxımından nə dərəcədə faydalıdır?
 
Moderator.az-a açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov Təhsil Nazirliyinin bu qərarını alqışladığını vurğuladı:
 
“Şübhəsiz ki, bu yeniliyin çox mühüm önəmi var. Bu gün dünya təcrübəsində belə bir metod geniş tətbiq olunub. Ayrı-ayrı məktəblərin, litseyləır, kolleclərin özlərinin avtobusu var. Bizdə də belə bir təcrübə oldu. Hazırda özəl liseylərimizin, məsələn, İdrak liseyinin özünün ayrıca avtobusları var. Onlar müəyyən tədbirlərə, gəzintilərə məhz bu avtobularla gedirlər. Ali məktəblərimizin də öz nəqliyyat vasitələri var. Bu mənada Təhsil Nazirliyinin bu addımını yüksək qiymətləndirirəm. Bu, həm təhlükəsizlik, həm valideynlərin rahatlığı, həm də proseslərin daha səmərəli təşkili baxımından çox faydalıdır.
 
Xatırladım ki, belə bir təşəbbüs bir müddət əvvəl səslənmişdi. Ayrı-ayrı deputatlar, təhsil ekspertləri bu məsələni qaldırmışdılar. Ictimai nəqliyyatdan məktəblilərin pulsuz istifadəsi təklifləri səslənmişdi. Lakin bu, o qədər də real görünmürdü. Çünki bu nəqliyyat vasitələrinin əksəriyyəti özəl şirkətlərə məxsusdur. Amma Təhsil Nazirliyinin bu addımı daha realdır. Hesab edirəm ki, bunun həyata keçirilməsində hər hansı problem olan deyil”.



Facebook-da paylaş