20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...



“30 il əvvəl paytaxtın bir çox yerlərini bürüyən dəhşətli faciə yaddaşlarımızdan silinməyən tarixdir. O gecə güvəndiyimiz, arxa bildiyimiz, eyni formanı geyindiyimiz rus əsgərləri tərəfindən əli silahsız, köməksiz  xalqımızın vəhşicəsinə talandığı, ancaq azadlıq uğrunda mübarizə apardığı bir gecə idi”.

Bu sözləri  Hazırda Bakı Metropoliteninində Dispetçer vəzifəsində çalışan Müslüm Məmmədov Moderator.az-a o dəhşətli gecədən xatirələrini bölüşərkən bildirib.



“Məlum hadisələr baş verən illərdə Kazanda yaşayırdım. Ancaq təsadüfən yanvarın 19-u Bakıya gələsi oldum. O gecə elə hadisələrin şahidi oldum ki, hələ də onları xatırlayanda həyəcan keçirirəm. Axşam 9-dan sonra işıqların sönməsi, informasiyanın tam blokadaya alınması böyük həyəcana səbəb oldu. Hamımız küçələrə çıxmışdıq.  O sovet ordusu dediyimiz, güvəndiyimiz  “ordu”  əli boş xalqa qarşı qalxdı.  Hadisələr o qədər qəddarcasına baş vermişdi ki,  xatırlamaq çətindir.  Səhərisi gün Sovet ordusuna qarşı üz-üzə durduq, silahı üstümüzə çəkmişdilər, sual verdik ki, ay Sovet ordusunun əsgəri ikimiz də eyni formanı geyinmişik nədən bizi bu Azərbaycan xalqına zülmlər etdiniz. Onlar bizim sualımıza cavab verə bilmirdilər. Həmin hadisələrin fotoşəkillərini, jurnallarını, qəzetlərini özümlə Kazan şəhərinə apardım. Orada da xalqımıza, dövlətimizə edilən bu zülmün, qanlı hadisələrin təbliğinə başladım. Əlimdən gələni edirdim ki, Dünya ictimaiyyəti Sovet əsgərlərinin bizə etdiyi vəhşilikləri görsün”.

90-na yaxın yaşı olan Müzəffər Məmmədov isə olanları belə xatırlayır: 



“İşdən gəldim, çox yorğun idim. Bakıya qoşun yeridiləcəyini demişdilər. Bütün gecə yatmadıq. İnanmadıq ki, əliyalın xalqa əl qaldıralar. Səhər şəhərə çıxanda gördüyümüz mənzərəyə inana bilmirdik. Xələtimi də geyinib bir başa semaşko xəstəxanasına getdim. Yaralılar həddən artıq çox idi. Həkimlərə dedim ki, qırıqdan, çıxıqdan başım çıxır, nə köməklik lazımdırsa edə bilərəm. Mənə meyitləri morqa daşımalarına kömək etməyi tapşıdılar. Qaynımın oğlunu da özümə köməkçi götürdüm. Şəhidləri morqa daşımaq indi sizə təsvir edə bilməyəcəyim qədər ağır hiss idi mənə. Elə oğlanlar şəhid olmuşdu ki.... Allah xalqımıza bir də o günləri yaşatmasın”.

Bakı Metropoliteni olmasaydı...

Düz 30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə yaşanan qanlı hadisələr yaddaşımızın qanlı səhifələrindəndir. Həmin gecə metro insanların sığınacaq yeri oldu. Nəriman Nərimanov, indiki Koroğlu və İçərişəhər stansiyaları insanların daha çox üz tutduğu və şəhid olduğu stansiyalar idi. 
“O müdhiş gecədə Bakı Metropoliteni işləməsəydi daha çox insan dünyasını dəyişəcəkdi”.

Bu sözləri Moderator.az-a açıqlmasaında Bakı Metropolitenində maşinist vəzifəsində çalışan Cahil Həsənov deyib.



“Axşam saat 11-də işimi qurtarıb evə getməli idim.  Məlumat gəldi ki, metro səhərəcən işləyəcək. Evi yaxın olanlara tapşırdılar ki, gedib evdən yeyəcək gətirə bilərlər.  Saat 12-yə qalmış Nəriman Nərimanov metrostansiyasına çatanda xəbər verdilər ki, yuxarıda vəziyyət çox pisdir, atışma var. Biz dörd maşinist  yuxarı qalxanda gördük ki,  güclü atışma var.  Leytenanat Şmit zavodunu keçəndə Dəmiryol Texnikumun qabağında gördüm ki,  əməlli-başlı gülləliyiblər camaatı. Gördük yaralıları gətirirlər, tələsik getdik yaralılara kömək edək. Meyitlər də var idi. İstədik kömək edək, mümkün olmadı. Güllə yağış kimi yağırdı. Ondan sonra saat 2, 3-ün yarısı idi, yenə gəldik Nərimanova. Bu dəfə dedilər gedin Bakısovetinə (indiki İçərişəhər). Əhali çoxdur, çatdırmaq olmur,  kömək lazımdır. Gedəndə gördük ki, o qədər çox insan var ki, hətta  reyslərin üzərinə düşüblər. Səhərə qədər dayanmadan yaralı daşıdıq. Bütün Metropoliten işçiləri bir nəfər kimi əlindən gələni edirdi”. 

Qeyd edək ki, hər il Bakı Metropoliteni 20 yanvar tarixində bu faciəni xüsusi ovqatla qeyd edir. Stansiyalarda qərənfillər düzülür və gün ərzində matəm müsiqiləri səsləndirilir. Allah şəhidlərimizə rəhmət eləsin!

ÜLVİYYƏ MUSTAFA



Facebook-da paylaş