Yubiley gününün düşüncələri - Şahlar Əsgərov

"Əgər rektorluğun ilk illərində o, düzgün qərarlar qəbul edirdirsə, (yəni ictimai mənafeyə uygun) rektorluğun sonrakı dönəmlərində qəbul etdiyi qərarlar şəxsi mənafe mahiyyəti daşıyır. Yəni inkişafa yox, tənəzzülə doğru meyllənir".

Yubiley gününün düşüncələri - Şahlar Əsgərov

Mən Bakı Dövlət Universitetinə (keçmiş ADU) qəbul olanda universitetin cəmi 39 yaşı var idi. İllər keçdi, BDU inkişaf etdi, laboratoriyalarla zənginləşdi, kadr potensialı artdı, şöhrətləndi, təhsil müəsisəsindən elm-təhsil ocağına çevrildi.

BDU yaşa dolduqca, mən də universitetdə təhsil və elm pillələri ilə yavaş-yavaş qalxırdım. Əvvəlcə təyinatla Universitetdə saxlanıldım-aspirantı, sonra müəllimi, dosenti, professoru oldum. BDU-nun idarə edilməsində də həm dekan müavini, həm də da prorektor kimi də çalışdım. Tədqiqatçı alim kimi Danimarkada (1974), Finlandiyada (1979) uzun müddətli, digər elmi mərkəzlərdə qısa müddətlli ezamiyyətlərdə oldum. Yüzə yaxın müxtəlif səviyyəli konfranslarda universitemizi təmsil etdim. Bu gün “BDU-100” yubileyində ilk yadıma bunlar düşdü.

Sonra BDU-nun 50 illik yubleyində iştirakımı xatırladım. O zaman BDU-nun rektoru dəyərli təhsil təşkilatçısı dos. Mehdi Əliyev idi. Yubileydə unikal hadisə ilə qarşılaşdım. Belə ki, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev universitetin yubiley tədbirinə gəlmişdi və laborotoriyaları gəzirdi. Fizfakın laboratoriyalarını gəzərgən mənim qurğuma da (qurğu işıq verirdiyi üçün uzaqdan cəlbedici idi) yaxınlaşdı, bir neçə suallar verdi, əhəmiyyətini və tətbiqini soruşdu və uğurlar dilədi. Bu mənim ulu öndər Heydər Əliyev ilə ilk görüşüm idi.
Yeri gəlmişkən, ikinci unikal hadisə ilə Helsinki Universitetində qarşılaşdım. 1979 cu il noyabrın 9 - da professor Mauri Luukkala mən işlədiyim laboratoriyaya alçaq boylu bir adamla girdi və düz mənim yanıma gəldilər. Luukkala ilk öncə məni təqdim etdi və dedi ki, SSRİ -dən gəlibdir. Sonra qonağı təqdim etdi və dedi ki, Allan MacLeod Cormack sabah Nobel mükafatı almaq üçün Stolkholma gedəcək, bu gün yolüsti bizə də baş çəkir. Mən aparılan tədqiqatın mahiyyətini danışdım. Dedim ki, fotoakustik siqnal bərk cismin strukuruna həssasdır, strukturu dəyişməklə siqnalı dəyişmək mümkündür və bəzi nəticələri göstərdim.  

Bir neçə gündən sonra Luukkala məni çağırıb, bir məktubun sürətini verdi və dedi ki, prof. Allan Cormack elmi nəticələrin sürətini istəyir. Məktub məndə qalsın, kopyasını isə sən götür. O məktubu indi də arxivimdə saxlayıram.

Mənim universitetdə işlədiyim müddətdə BDU-ya bir sıra alimlər rektorluq etmişdir: akad.Ş.F. Mehdiyev (1958-1965), M.S.Əliyev (1965-1970), EA-nın müxbir üzv F.M.Bağırzadə (1970-1987), müxbir üzv Y.C.Məmmədov (1987-1989), akad. M.G.Qasımov (1990-1992), Firudin Səməndərov (1990-1994), prof. M.N. Ələsgərov (1994- 1996), M.C. Mərdanov (1996-1998),  A.M. Məhərrəmov (1999-2018). 2019 –cü ilin martından rektor Elçin Babayevdir. Ölənlərə Allah rəhmət eləsin. Yaşayanlara can sağlığı arzu edirəm.

M.S.Əliyev və Y.C.Məmmədov mənim yaddaşımda siliməz izlər buraxıblar. Ona görə ki, onlar özləri üçün yox, universitet üçün çalışıblar. Yaddaşın belə selektiv xüsusiyyəti var: milli mənafeyə qulluq edənləri yadda saxlayir, özünə (fərdlərə) qulluq edənləri isə saxlamlr. Çünki fərd öləndir, xalq ölməzdir. Deməli, ölməzə qulluq etməkdə rəhmətlik vardır.

1970- ci ilin birinci yarısı idi. Cavan müəllim idim. Hələ elmi rütbəm yox idi. Daşkənddə Elektronika ilə bağlı konfransda çıxış etməliydim. Fakültə Elmi Şurasının iclasında, Mehdi müəllimə ərizə ilə ayaqüstü yanaşdım. Ərizəmi aldı və üzərinə rus dilində yazdı: “təyyarə ilə getməsi təmin edilsin”. Belə münasibəti görmək ahıl yaşında hər professora nəsib olmaz.

Prof.Yəhya Məmmədov rektor olmamışdan qabaq, uzun müddət BDU-nun elmi işlər üzrə prorektoru olmuşdur. Onun zamanıda universitet elmi çox inkişaf etmişdir. O, tədqiqatçı alimlərə hər cür dəstək verirdi. Çünki özü görkəmli alim idi.

“Amorf Təbəqələr” elmi tədqiqat laboratoriyası açmaq istəyəndə, ondan gözlədiyimdən də çox dəstək aldım. Nəticədə 1980-90-cı illərdə Mikroelektronikanın problemlərinin həlli ilə bağlı Moskva ətraflı Zelenoqrad şəhərinin inistitutları ilə həm elmi, həm də təsərrüfat müqavilələri əsasında sıx əməkdaşlıq edirdik. Elmi nəticələrimiz nəinki Elektron Sənaye nazirliyinin jurnallarında, həm də Elmlər Akademiyasının “Radiotexnika və Elektronika”, “Mikroelektronika” kimi samballı jurnallarında çap olunurdu. Bəlkə də bu jurnallarda çap olunan ilklərdən idim. Qeyd edim ki, Mikroelektronikanın inkişafı radioelektron aparatlarını üç ölçülü fəzadan (həcmdən) ikiölçülü fəzaya (səthə) keçirərək sənaye inqilabı etdi. Misal üçün, karobka tipli televizorları müstəvi tipli TV- lərə çevirdi. Uzun müddət keçməsinə baxmayaraq, Nanoelektronika hələ gözləninən ümidləri təəssüf ki doğrultmur.

Prof.Y. Məmmədov ilə bağlı maraqlı bir əhvalatı xatırlayiram. 1994-cü ilin dekabr ayı idi. Həftəlik məktubları almaq üçün hər həftənin bazar günü Danimarka səfirliyinə getmişdim. Səfirliyə girəndə alçaq boylu bir nəfər yaxınlaşdı dedi ki, rus dilindən iki məqaləni danimarka dilinə çevirmişəm. İstərdim ki, səfirliyin əməkdaşları redaktə etsinlər. Məqalə Yəhya Məmmədovun “Sibir riyaziyyat” jurnalında çap olunmuş məqalələri idi. Mən bu adamı səfirliyin tərcümə şöbəsinə caladım. Həmin həftə bu hadisəni sevincini yaşadım. Deməli, bizim alimlərin də əsərləri sərhədləri aşa bilir.
Elmlər Akademiyasının müxbir üzvü F. Bağırzadə universitetə 17 il rəhbərlik etdi. Yadda qalan bir şey etmədi. Amma çox şey edə bilərdi, çünki zaman onun zamanı idi. Əsas işi qəbulu yola vermək idi. Yaradıcılıqla işi yox idi.

1980 –cı ildə SSRİ Ali və Orta ixtisas təhsili naziri V.Yelyutinin çox məxfi 15 avqust 109 ss №-li əmri xüsusu şöbəyə daxil olur. O zaman BDU- da bu şöbənin rəisi Sovet İttifaqı qəhramanı, polkovnik Məlik Məhərrəmov idi. Nazirin imzaladığı əmr Sov. İKP MK SB və SSRİ Nazirlər Sovetinin 30.06.08 il tarixli birgə məxfi qərarı əsasında hazırlanmışdır. Qərara əsasən Azərbaycan Dövlət Universitetinə ( dos. Ş. Əsgərovun şəxsində) “SBİS (Çox Böyük İnteqral Sxem ) istehsalında ion-plazma texnologiyasının elmi əsasının hazırlanması” kimi şərəfli bir iş həvalə edilirdi. Ancaq rektor bu işə dəstək vermədi və şərait yaratmadı. Rəhmətlik Məlik müəllimin dediyinə görə, rektor təhlükəsiz xitmətinin universitetə gəlib –getməsindən ehtiyat edirdi. Sual oluna bilər bu ehtiyatın səbəbi nədir? Bu suala dolayısı ilə belə cavab vermək olar.

Haşiyə: Rzabala Fərəcov BDU professoru, riyaziyyatçı idi, texnika elmləri doktoru idi. Allah ona rəhmət eləsin. Bir dəfə Rzabala müəllimi qəbula saxlayırlar. O, obyektiv və vicdanla imtahan götürür, heç kimin tapşırığına baxmırdı. Axşam nəticələrin müzakirəsi zamanı məsul katib rektora şikayətlənir ki, bəs Rzabala müəllim korladı, tapşırığımıza baxmadi. Səhərisi gün müəllimləri növbəti imtahana göndərəndə rektor Rzabalanı misal göstərir və onu beş dəqiqə tərifləyir. Sonra məsul katib müəllimləri auiditoriyalara paylayır. Rzabala müəllim isə heç yerə göndərilmir. O, məsul katibə yaxınlaşır və soruşur ki, bəs, mən harda imtahan götürəcəm? Məsul katib cavab verir ki, siz dünən çox əziyyət çəkmisiniz. Bu gün gedin, istirahət edin. Beləliklə, Rzabala müəllim ram edilir və təhsil tariximizə Rzabala sindromu kimi daxil olur.

Bənzər söhbətlər, tanışlıq, yerliçilik kimi anormal hərəkətləri universitet koridorlarından da tez-tez eşitmək olurdu. Təhlükəsiz xidmətinin əməkdaşları nə qədər universitetə az gəlsə, bir o qədər yaxşıdır.

Universitetin ən üzün müddətli (19 il) rektoru Abel Məhərrəmov olmuşdur. Bunun yaxşı və ya pis hal olduğunu bilmək üçün, əvvəlcə tarixə müracət edək. Təhsil bilicilərindən bir söhbət eşitdim. Onu haşiyə kimi diqqətinizə çatdırıram.

Haşiyə: Fərdi psixologiyanın banisi Vyana Universitetini psixologiya fakültəsinin dekanı Alfred Adler rektora müracət edir: “təcili məni dekan vəzifəsindən azad edin. Mən bu vəzifəyə yavaş-yavaş öyrəşirəm. İki ildən sonra siz məni azad edə bilməyəcəksiniz. Məni bu gün azad edin”.
Vəzifə normal, xoşa gələn xasiyyətlərə malik insanı, xoşagəlməz insana çevirir. Rektor da babat vəzifədir. Müşahidələr göstərir ki, uzun zaman keçdikcə rektorların psixologiyasında mənfi tərəfə sürüşmə baş verir. Əgər rektorluğun ilk illərində o, düzgün qərarlar qəbul edirdirsə (yəni ictimai mənafeyə uygun) rektorluğun sonrakı dönəmlərində qəbul etdiyi qərarlar şəxsi mənafe mahiyyətli daşıyır. Yəni inkişafa yox, tənəzzülə doğru meyllənir. İllər oncəsi belə bir fikir söyləmişdim: “fərdlər düzgün qərarlar qəbul etməklə şəxsiyyətlərə, dövlətlər düzgün qərarlar qəbul etməklə, qüdrətli dövlətə çevrilirlər”. İstərdim ki, idarəedənlər bu faktoru nəzərə alsınlar. Nəzərə alsınlar ki, rektorluğun birinci dönəmində onlar universitetə, yəni ictimai mənafeyə qulluq edirlər. Sonrakı dönəmlərdə onların bəziləri özlərinə işləyirlər. Əgər hansı rektor deyirsə: ”elə edəcəm ki, müəllimlər tələbələrin qabağına qaçacaqlar”, bilin ki, bu rektor fəaliyyətinin ikinci fazasını yaşayır və kamilliyin itirir. Çünki, təhsil prosesinin subyekti müəllimlərdir, tələbələr isə beş ildən bir dəyişən obyektlərdir. (Necə ki təyyaarənin subyekti pilot, obyekti isə sərnişinlərdi). Müəllimlərin hörməti yüksək tutulmalıdır, tələbələrin yox. Bu yerdə ikinci bir haşiyə çıxmaq istəyirəm.

Haşiyə: Turkiyyə Sultanı İkinci Mahmud günlərin birində bir məktəbi ziyarət etdi. Padşah sinfə girəndə xoca dərsini verirdi. Xoca gələn zatın padşah olduğunu anladı və dərsini davam etdi. Dərs bitdikdən sonra çocuqları sinifdən çıxarıb padşahı salamlayaraq təzimatda bulundu.
-Mənə layiq olan hörməti niyə öncədən göstərmədin?


-Padşahım, tələbələr dünyada xocadan daha böyük adam olduğunu bilməzlər. Əgər təzimatımı onların yanında etsəydim, onlar, deməli xocadan da böyük adam varmış, deyər və məni saymazlar. Mən də onları bu ölkəyə layiq övladlar olaraq yetişdirə bilmərəm. Xocanın bu sözlərindən məmnun olan ikinci Mahmud bu müəllimi ihsanda bulundu.


Nə hadisə baş verdi? Əvvəlcə Padşah şəxsi mənafe düşüncəsi ilə hadisəyə qiymət verdi. Təzimat tələb etdi. Xocanın izahatından sonra ictimai mənafe düşüncəsinə sahib olub, xocanı mükafatlandırdı.

Vəzifə insanı necə məhv etməsi haqda universitetin dossenti N.Məmmədov “Mənim paradiqmam” məqaləsində yazır: “ Vaxtilə uzun illər dekan, kafedra müdiri işləmiş prof. İbrahimov Ağavəli müəllim günlərin birində lapdan sıçrayıb gedir rektorun qəbuluna. Rektorun köməkçisindən xahiş edir ki, onu bir dəqiqəlik Abel müəllimin yanına buraxsın, vacib deyiləsi sözü var. Köməkçi də deyir ki, gözləmə otağı adamla doludur, mümkün deyil. Professor təkid edir ki, mənim sözüm hamının sözündən önəmlidir. Köməkçi görür mümkün deyil, girir rektorun yanına və onu məsələdən hali edir. Rektor deyir ki, qoy gəlsin dəhlizə açılan qapının qabağına. Elə də olur. Rektor qapını açıb deyir, xeyir ola, Ağavəli, müəllim? O da deyir ki, sadəcə gəlmişəm deyim ki, sizə mən qurban olum! Vəssalam”.

Alim etikasını yerə vuran belə adamları “sağ ol” deyib, yola salmazlar. Belə münasibət “yaltaqlıq” kimi alçaq insani keyfiyyətin yaranmasının əsas səbəbidir.

Dəyərli bir fikirdə deyilir: An, tarixi dəyişə bilir. Universitetdə baş verən qusurlar zamanla bağlıdır. Əgər bu 19 ildə BDU-da 4 (və ya 5) ildən bir rektor dəyişəydi, şübhəsiz ki, universitet daha çox inkişaf edərdi. Yadımdadır, parlamentdə Təhsil qanununu müzakirə edəndə, Abel müəllim rektorların seçilməsi maddəsini ciddi müdafiə etdi. Əgər son 35 ildə rektorlar 4 ildən bir dəyişərdisə, indi BDU tamam başqa bir universitet olardı. Sadə həqiqət bundan ibarətdir ki, universiteti gənc saxlamaq üçün rektorları tez tez dəyişməlidir.

Sevindirici haldır ki, bu gün dövlətimizə, millətimizə sədaqətlə qulluq edən, universitetləri özlərinə yox, özlərini təhsilə, elmə qurban verən rektorlarımız çoxdur. Çox təəsüf ki, belə rektorları qorumaq əvəzinə, onlara çamur atanlar da az deyildi. Düşünürəm ki, hər bir universitet müəllimi, gələcəyi görə bilən ziyalılar dəyərli rektorları qorumalıdırlar, haqq işin yanında olmalıdır.

Bu bayram günləridə rektorlarım ilə bərabər, əziz müəllimlərimi minnətdarlıq hissi ilə xatırlayıram. Onlara Allahdan rəhmət diləyirəm.

 Mehdi müəllimin, Mədət müəllimin, Rəhim müəllimin, Kəriş müəllimin, Qafar müəllimin mühazirələrini , qayğıkeş müəllim-tələbə münasibətlərini yaddan çıxarmaq mümkün deyil. 100 il öncə ölkəmizdə cəmi bir (Məlikov) fizik var idi. 

İndi müəllimlərimizin əməyi nəticəsində ölkədə fiziklər ordusu yaranıb. Onların içərisində dünya şöhrətli alimlərimiz də var. Yadıma bir hadisə düşdü.

Nobel mükafatı lauriyantı akademik Qinzbur BDU- da “fizikanın 6 perespektiv istiqamətləri haqqında” müahizdə oxuyurdu. Mühazirənin lap əvvəlində akademik gördü ki, Rəhim müəllim ikinci sırada oturub. Mühazirəni kəsdi və aşağı düşdü. Gəlib Rəhmi müəllimin əlindən tutaraq səhnəyə apardı və onun üçün nəzərdə tutulmuş stolda əyləşdirdi. Belə müəllimləri necə yaddan çıxarmaq olar?
25-26 noyabrda Heydər Əliyev Mərkəzində BDU- nun 100 illik yubleyi təntənəli qeyd edildi. Xaricdə işləyən məzunlar doğma universitetə gəldilər, çıxış etdilər, bu təntənəyə sevindilər. Universitetin yubileyi ümumxalq bayramı kimi qeyd edildi. Universitetin öz yetişdirməsi olan bugünkü rektor Elçin Babayev bayram tədbirlərini rəngarəng, orijinal təşkil edmişdir və yubiley təntənəli keçirdi.

Tədbirinin ikinci günü (26 noyabr) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yubileydə iştirak etdi. Cənab Prezident çıxışında həm dünyada və ölkədə gedən proseslərdən danışdı, həm də təhsildə olan uğurlarla bərabər problemlərdən də söz açdı. Yeni dünyanın tələblərinə uygun ixtisasların öyrəniməsinin vacibliyini vurğuladı.

Ölkə Prezidentinin çıxışını diqqətlə dinlədim, təhsil və tərbiyyə ilə bağlı dəyərli fikirlərinin bəzilərini diqqətinizə çatdırıram:

“Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil”.
“Əgər bilik olmasa diplom heç nədir”. 
“Milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyyə alan gənclər müstəqil Azərbaycanı gələcəyə inamla aparacaqlar”.
“İndiki dövrdə bilik, savad gənclərin təminatlı gələcəyini müəyyən edən əsas amildir”.


Günün 2-ci yarısında “İnternational conference integration of science and education” - adlanan konfransda iştirak etdim. Konfransda 11 məruzə dinlənildi. Məruzəçilər əsasən xarici qonaqlar idi. Konfransın ikinci hissəsində məruzə etməklə mən də mükafatlandırıldım. Məruzəm: “The unity of Education and Science within Natural and Technical Sciences at Baku State University”- adlanırdı. BDU kollektivi içərisindən məruzəçi kimi mənim seçilməyimi özümə qarşı böyük etimad hesab edirəm. Bu etimadı dövlət təltifi qədər yüksək qiymətləndirirəm. Məruzəmdə təhsil, elm və texnologiyanın vəhdəti slaydlar vasitəsi ilə təqdim edildi. Təqdimatımda vurğulanırdı ki, iqtisadi inkişafa təsir edən ən güclü faktor texnologiyadır. Texnologiyadan asılı olaraq tərəqqinin iki yolu var: birinci yol Sinqapur və Cənubi Koreya yoludur. Texnologiyanı xaricdən almaq, daxildə hüququn aliliyini təmin etməklə, rəqabət mühiti yaratmaq zəruridir. Bu halda elmdən çox, mükəmməl TƏHSİLƏ ehtiyac böyükdür. İkinci yol, Qərb dövlətlərinin seçdiyi yoldur: elmə böyük pul (UDM -un 5% qədər) xərcləmək, yüksək texnologiya yaratmaq, tətbiq etmək və tərəqqi etmək. Bu halda həm güclü TƏHSİLƏ, həm də güclü ELMƏ ehtiyac böyükdür.

Mən universitetə daxil olanda yaşım 17 idi. Universitetin yaşı isə 39 idi. O zaman mən gənc, universitet isə “kişi” yaşında idi. İndi 79 yaşımda universitetin 100 illik yubleyində içtirak edirəm. Mənim ömrümün limiti var və bunun günün Allah bilir. Universitetin ömrünün limiti isə bizim əlimizdədir. İnkişaf qurban tələb edir. Əgər biz özümüzü universitetə qurban versək, o çox yaşayacaq. Yox, əgər onu özümüzə qurban versək, o xəstəhal yaşayacaq və tərəqqi etməyəcək. Bu dövrün tələb etdiyi sadə həqiqətdir. Biz müvəqqəti yox, daimi dəyərləri yaşatmalıyıq. Biz bu dünyanın qonağıyıq, gəlin, gələcək nəsillər xətrinə universitetləri qoruyaq.

BDU-da fəaliyyətim çoxcəhətli olubdu. 61 ildir ki, BDU divarları arasında böyüyərək çalışıram.

Belə ideal müəllimlərdən dərs almış Universitet müəllimi kimi yüzlərlə diplom işlərinə, 20 nəfərdə çox namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etdim. 300 elmi və yüzlərcə elmi - publisistik məqalələr yazdım. Bu illər ərzində fiziki elektronikanın bir çox sahələrində (emissiya elektronikasi, bərk cisimlərdə kontakt və səth hadisələri), sosial fizika, pedaqoqika, təhsilin fəlsəfəsi və digər istiqamətlərdə tədqiqatlar aparmışam. ADİU -nin rektorunun dəstəyi ilə Ekonofizika kimi yeni elm sahəsinin ölkəmizdə təməli qoyuldu və “Ekonofizika Elm Mərkəzinin” yaradıldı.
Yubiley gününün düşüncələri - Şahlar Əsgərov


Qeyd edildiyi kimi mən universitetlə birlikdə böyümüşəm. Universitetin qaygısı sayəsində bu yaşa və bu səviyyəyə çatdım. Hər bir müəllim kimi, mənim də BDU –ya bir minnətdarlıq borcum var. Bu borcu ödəmək niyyəti ilə 2018 –ci ildə ABŞ –da dörd, ölkə daxilində çox saylı elmi –publisistik məqalələri bir yerə toplayıb bir kitabça halında çap etdim. Kitabçada 2018 –ci ildə ABŞ-ın “Management studies”, “Philosophy Study”,” World Economy” və “Materials Physics and Chemistry” jurnallarında çap olunmuş məqalələr yer alıb. Toplumda “Alim əməyinin fəlsəfəsi” , “Elmdə siyasət, siyasətdə elm” adlı məqalələr də yer alıb. Bu məqalələr vasitəsi ilə doğma Universitetin 100 illik yubleyini təbrik edirəm.

Biz indi sürətlə dəyişən dövrdə yaşayırıq. Dövrümüz texnoloji sinqulyarlıq erasına daxil olub. Əvvəlki nəsillərdən fərqli olaraq biz nəsil insanlar, öz yaratdığımız əşyaların əhatəsində yaşayırıq. Əgər orta əsirlərdə iki böyük ixtiranın arasında yüz illərlə zaman məsafəsi var idisə, indi bu zaman məsafəsi 100 dəfələrlə azalıbdır. Bu səbəbdən biz ülu öndər Heydər Əliyevin “Bizim dövlətin gələcək taleyi, gənclərə nəyi və necə öyrətməmizdən asılı olacaq”. BDU-nun mükafat almış və almamış bütün kollektivini yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, BDU dünyanın öncül universitetlərindən biri olsun.

Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi,
TN yanında İctimai Şuranın sədri


Facebook-da paylaş