“İcmalar oyununa getməyək” – Eks-nazirdən ÇAĞIRIŞ



Ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü təşkil edilib. 3 saat yarımdan çox davam edən görüş zamanı tərəflər geniş müzakirələr aparıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu barədə yaydığı məlumata görə, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətlərini müzakirə ediblər. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər.

Nazirlərin görüşünü Modern.az-a şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, tərəflər sülh prosesinin əvvəlki formatını bərpa etməyə çalışırlar:

“1992-ci ildə qəbul olunan mandat əsasında dövlət və seçilmiş digər azlıqların nümayəndələri sülh prosesində iştirak edə bilərdilər. Bu mandatın əsasında 1992-1998-cui illərdə danışıqlar aparılırdı. 1998-ci ildən isə iki ölkə arasında danışıqlar formatında bu proses davam etdirildi.

İndi isə Rusiya və Ermənistan cəhd göstərir ki, 1992-ci ildə olan mandatı bərpa etsin. Bəziləri deyirlər ki, Dağlıq Qarabağ orada iştirak etsin. Hətta Sergey Lavrov da buna bənzər bəyanat səsləndirdi. Təəssüf, Azərbaycanın Xarici İşlər naziri də deyir ki, Azərbaycanlı icması da prosesdə iştirak etməlidir. İcmalar 1998-ci ildən danışıqlarda iştirak etmirlər. İndi bunu yenidən bərpa etməyə heç bir əsas yoxdur. Heç Ermənistan özü də buna imkan verməz. Azərbaycan dövləti şuşalıları, füzuliləri, laçınlıları təmsil etmir? Ermənistan tərəfi deyir ki, “Qarabağı təmsil edirəm, çünki Qarabağ Ermənistanın tərkib hissəsidir”. Bütün bunları nəzərə aldıqda köhnə formatı bərpa etmək yanlış mövqedir”.

T.Zülfüqarov düşünür ki, Lavrovun imitasiya xarakterli danışıqları bərpa etmək üçün əsası olmayan oyunu aparılır. O bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatları ilə bu oyunlara dəstək verir:

“Ermənilər əsassız bəyanatları həmişə səsləndiriblər. Biz gərək öz xəttimizdən dönməyək. Xətt isə budur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Gələcəkdə real danışıqlar olsa, məhz bu formatda getməlidir. Ona görə, Azərbaycanla Ermənistan arasında bu proses davam etdirilməlidir. İcmalar oyununa getməyək”.

Eks-nazir jurnalistlərin qarşılıqlı səfərləri fonunda “xalq diplomatiyası”nın yenidən gündəmə gəlməsinin səbəblərinə də toxunub:

“Ermənilər iki erməni dövləti olduğunu bəyan etməyə çalışırlar. Bir tərəfdən bəyan edirlər ki, Qarabağ Ermənistanın bir hissəsidir. Digər tərəfdən isə təbliğ etmək istəyirlər ki, guya, iki erməni dövləti var. Azərbaycanın xoş niyyətini isə öz tərəflərinə çevirirlər. Azərbaycan nümayəndələrinin iki dövlətə getdiyini təbliğ etməyə çalışırlar”.



Facebook-da paylaş