"Qarabağ Azərbaycanındır" - Sərkisyan




Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk Qrupu da status-kvonu qəbul etmir.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sərkisyan deyib.

Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib:

“Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir”.
M.Sərkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq.

“Hakimiyyət fasiləsiz danışır ki, lazım olsa, Qarabağın müstəqilliyini tanıyacağıq. Müxtəlif anlar yaşandı, tanınma ilə hakimiyyətə ciddi tələblər edildi, hətta prezidentin istefa verməsi şəraiti yarandı. Lakin sonra Serj Sərkisyan möhtəkirlik etməyə başladı. Bildirdi ki, “əgər müharibə olacaqsa, biz tanıyacağıq”. Müharibə də oldu, lakin o tanımadı. Bu, heç vaxt olmayacaq da. Çünki Azərbaycan hüquqa malikdir. Biz yalnız o vaxt qalib gələ bilərik ki, Azərbaycan öz hüquqlarından məhrum olsun. Halbuki, 25 il ərzində onun hüquqları daha da möhkəmlənib. Aprel müharibəsi də göstərdi ki, Azərbaycan beynəlxalq hüquqda haqlıdır. Heç kim Bakını ittiham etmədi. Çünki Azərbaycan bəyan edir ki, bu, mənim ərazimdir. Nə qədər ki, Azərbaycanın bu hüquq qalır, biz heç nə edə bilmərik”, - deyə o vurğulayıb.

Sərkisyan təklif edir ki, Qarabağ ətrafındakı ərazilər qaytarılsın: “Yalnız o halda, Qarabağın statusu həll olunar. Başqa cür biz heç nə edə bilmirik”.

AzFakt.info



Facebook-da paylaş