Əli Məsimlidən utancverici taxıl idxalından qurtulmaq üçün hökumətə 7 TƏKLİF...


Avqustun sonlarında Rusiyanın Stavropol diyarı və Qaraçay-Çərkəz Respublikasının taxıl istehsalçıları qurumu maraqlı bir statistika ilə çıxış ediblər. Bəlli olub ki, Azərbaycan yenə də həmin bölgələrdən idxal edilən taxıl və taxıl məhsullarının bir nömrəli alıcısı olaraq qalır. Rəsmi rəqəmlərə görə avqust ayınadək 37 min ton taxıl idxal etmişik. 

Bu rəqəmlər əslində nəyi əks etdirir? Bəlli olur ki, bizim rəsmilərin və hökumətin bu sahayə cavabdeh olanlarının özümüzün daxili tələbatımızı tam ödədiyimiz haqqındakı açıqlamaları həqiqəti əks etdirmir. 

İqtisadçı millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Moderator.az-a mövzu ətrafında açıqlama verib və ölkənin kənd təsərrüfatını bu çətinlikdən xilas etməyin yollarını göstərib:



"Aqrar sahənin hərtərəfli inkişafı ölkənin iqtisadi sabitliyinin, sosial dayanıqlılığının, ərzaq təhlükəsizliyinin etibarlılığının artırılmasının, iqtisadiyyatın şaxələndirilməsi və ixrac imkanlarının genişlənməsinin əsas istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda kənd təsərrüfatı xarakterinə görə yetərincə ağır və riskli sahə olduğundan, dövlət dəstəyinə daha çox ehtiyacı olan spesifik bir sahədir. Dövlət ölkədə aqrar sektorun davamlı inkişafı üçün dünyada özünü doğrultmuş iqtisadi mexanizmlərdən, stimullardan və güzəştlərdən istifadə edir. Aqrar sahədə istehsalçıları qorumaq və onları istehsalın genişləndirilmsinə təşviq etmək məqsədiylə subsidiya sistemi və mexanizmi formalaşdırılıb. Beynəlxalq praktikadan məlumdur ki, subsidiya aqrar sektora dəstəyin təşviq aləti kimi kənd təsərrüfatını ayaq üstə qala  bilməsi və inkişafı üçün önəmli rol oynayır. Ona görə də dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatının inkişafına dövlət tərəfindən bilavasitə və ya vergi, gömrük rüsumları və pul-kredit siyasəti hesabına dolayı subsidiyalar həyata keçirilməsi yolu ilə  dəstək verilir. Bu baxımdan bizdə kənd təsərrüfatı, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunub.”Aqrolizinq”ASC tərəfindən satılan kənd təsərrüfatı texnika və avadanlığının dəyərinin 40 faizi dövlət büdcəsi tərəfindən ödənilir və onlar lizinq yolu ilə satılır. Kənd təsərrüfatı işləri üçün sərf olunan yanacağın və motor yağlarının dəyərinin 50 faizi dövlət tərəfindən ödənilməsinin təmin edilməsi məqsədi ilə əkin sahələrinin hər hektarına görə 50 manat subsidiya verilir. Gübrələrin dəyərinin 70 faizi dövlət vəsaiti hesabına ödənilir. Toxum və ting istehsalına və satışına görə subsidiya verilir. ”Aqrolizinq”ASC tərəfindən idxal edilən cins mal-qaranın dəyərinin 50 faizi büdcədən ödənilməklə lizinq yolu ilə satılır. Taxıl, pambıq, tütün, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya ödənilir. Buğda və xam düyü (çəltik) əkənlərə yanacaq və motor yağlarından əlavə 40 manat da subsidiya ayrılır. Beləliklə, becərilən hər hektar sahəyə görə, bütün istehsalçılar 40 manat, buğda və çəltik əkənlər isə 80 manat subsidiya verilir. Azərbaycanda 10 ildən çoxdur ki, geniş subsidiyalaşma sistemi tətbiq olunur və  dövlət vəsaiti  hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyanın ümumi məbləği 2018-ci ilin əvvəlində 1 milyard manat ətrafındadır.
        
Son illər həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının artım templəri ümümilikdə ölkə iqtisadiyytaının artım templərini xeyli istələyir. 2017-ci ildə aqrar sahədə 4 faizdən yüksək,  bu ilin  7 ayında isə  6,5 faiz artım olub. Lakin həyata keçirilən tədbirlərə rəğmən  aqrar sahədə məhsuldarlıq aşağıdır və Azərbaycan özünə lazım olan ərzaq məhsullarının bir hissəsini hələ də xaricdən almaqda davam edir.Son illr bəzi məhsullar üzrə idxal artır. Ona görə də mövcud potensial fonunda kənd təsərrüfatının hazırkı inkişaf səviyyəsini qənaətbxş hesab etmək olmaz. Çünki aqrar sahədə yetərincə yüksək templi artım olsa da, bu hələ fermerlərin əksəriyyətinin yaxşı yaşamasına, kəndlərin ölkəmizin potensial imkanlarına layiq sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb. Bunun səbəbləri çoxdur. Həmin səbəblər içərisində subsidiya mexanizminin səmərəli qurulmaması də mühüm yer tutur. Son vaxtlar subsidiyaların tətbiq dairəsi genişləndirilsə də, hələlik hökumət həmin mexanizm vasitsilə fermerlər üçün  səmərəli fəaliyyət göstərən sosial təminat sistemi yarada bilməyib. Ona görə də bu  istiqamətdə əldə olunan müsbət təcrübə ilə yanaşı, subsidiya sisteminin və mexanizminin təkmilləşdirlməsi və səmərəliliyinin artırılması istiqamətində bir sıra tədbirlərin də görülməsinə ehtiyac var: 
      
1.Kənd təsərrüfatında tətbiq edilən subsidiyalar məhsul istehsalının artırılmasına yetərincə stimul yaratmır. Ona görə də subsidiyalara yenidən baxılmasına, onların  artırılmasına və daha səmərəli mexanizmlər vasitəsilə həyata keçirilməsinə ehtiyac var.
      
2. Dünya təcrübəsi göstərir ki, subsidiyanın hektara görə verilməsi heç də məhsul istehsalını stimullaşdırmır. Azərbaycanda ümumi əkin sahəsi və məhsul istehsalı az olduğu üçün subsidiyanın əldə edilən məhsula görə verilməsi məhsuldarlığı stimullaşdırar. Subsidiyaların verilməsində əkin sahələrinin  kəmiyyətinin süni surətdə artırılması halları yığışdırılmalı, onun son məhsulun həcmi və keyfiyyəti nəzərə alınmaqla həyata keçirilməsi məsələsi prioritet təşkil etməlidir.
     
3.Azərbaycanın müharibə vəziyyətində olduğunu nəzərə alaraq taxıl istehsalçılarına ayrılan subsidiyalar bu sahədəki sui istifadə hallarının aradan qaldığrılması şərtilə  strateji olmalıdır.
     
4.Kənd təsərrüfatı məhsulları istehsalında  ciddi artıma nail olmaqdan ötrü  subsidiyanın verilməsi sahəsində prinsipial dəyişikliklər edilməklə beynəlxalq praktikadan məlum olan dövlətin müəyyən  məhsul növləri üzrə alıcı qismində çıxış etməsi mexanizminin tətbiqinin genişləndirilməsinə ehtiyac var. 
    
5.Subsidiyaların həyata keçirilməsində vacib məqsəd yerli istehsal edilən məhsulların daha ucuz  başa gələn analoji malların idxal-rəqabətindən qorumaq və ixrac imkanlarının genişləndirilməsinə real  dəstəyin verilməsi olmalıdır.Əgər nəzərə alsaq ki, hazırda Azərbaycanın xaricə ixtac etdiyi kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti meyvə-tərəvəzdən ibarətdir, onda həmin sahələrin ixracını stimullaşdırmaqdan ötrü əlavə tədbirlərin, o cümlədn səmərəli fəliyyət göstərən subsidiya vasitələrindən də istifadə məqsədəuyğun olar. Xüsusən də örtülü şəraitdə tərəvəz istehsalı ilə məşğul olanların xeyli hissəsi sıradan çıxmasın və bu sahə üzrə eksportumuz daim artsın deyə,işıq, qazın tarifləri qalxan zaman onlara müəyyən güzəştlərin edilməsinə ehtiyac var.
       
6.Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olacağı təqdirdə aqrar subsidiyalarla bağlı məhdudlaşdırıcı tədbirlərə öncədən hazır olmasından ötrü, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində kənd təsərrüfatına dəstək siyasəti ilə bağlı subsidiyalaşmanın digər maliyyə mənbələri ilə əvəzlənməsi priortet götürülmüşdür. Bu sənəddə ağırlıq daha çox özəl maliyyə mənbələrinə daha səmərəli çıxış üzərində qurulmuşdur. Bununla belə, hesab edirik ki, ölkəmizin DTT-a üzv olacağı təqdirdə adaptasiya tənəzzülünə məruz qalmasının qarşısını almaqdan ötrü indidən   “yaşıl zənbil”ə üstünlük verməklə ekoloji cəhətdən təmiz məhsul istehsalınn genişləndirilməsinə xüsusi diqqət verilməlidir. Həmin variantda  subsidiyalarla bağlı məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur. 
       
7.Fermerlərin sığortadan istifadəyə meyilliliyinin artırılması üçün təsirli tədbirlər görülməlidir. Daşqın və quraqlıq nəticəsində fermerlərə dəymiş ziyanın tam ödənilməsi və fermerləri müdafiə etmək üçün sığorta proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var.   
         
Aqrar sektorda subsidiya siyasətinin səmərəliliyinin  artırılması məqsədi ilə bu cür mexanizmin tətbiqi bu sahəyə ayrılan dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməklə yanaşı, kənd təsərrüfatı üçün çox ciddi problem olan məhsuldarlığın və bir sıra hallarda keyfiyyətin artırılması probleminin uğurlu həllinə ciddi dəstək olar: məhsul istehsalçıları daha çox subsidiyalar ala bilər və  bu əsasda məhsuldarlığın artırılmasına maddı marağı artar, itkilər azalar, istehsal olunan məhsulların keyfiyyəti yüksələr, yerli tələbat dolğun şəkildə təmin olunar və aqrar sahənin eksport göstəriciləri indiki ilə müqayisədə qat-qat artmış olar".


Facebook-da paylaş