"ÖDƏNİŞİ VERƏ BİLMƏYƏN TƏLƏBƏLƏR TƏHSİLLƏRİNİ YARIMÇIQ QOYMALI OLUR" - ƏLÇATAN TƏHSİLİN PULÇATMAZ ÖDƏNİŞİ






"Ali məktəblərdə təhsil haqlarının yüksək olmasını müdafiə ediriksə, ali təhsilin hər kəs üçün əlçatan olması strategiyasını da unutmamalıyıq”.
Bunu "Sherg.az”a ali məktəblərdə təhsil haqqının yüksək olmasından danışarkən tanınmış təhsil eksperti Nadir İsrafilov söyləyib. 
O vurğulayıb ki, təhsil əlçatan olmalıdırsa, bu maddi cəhətdən də təsdiqini tapmalıdır:

"Elə ali məktəblər var, illik təhsil haqqı 4000-6000 manat arasında dəyişir. Bu rəqəm bizim əhalinin sosial durumu ilə uzlaşmır. Ona görə, təhsil haqqının yüksək olması problemi dəfələrlə qaldırılıb.


Təhsil haqqının müəyyən olunmasının konkret mexanizmi olmalıdır. Azərbaycanda 4 ali məktəbə "publik hüquqi şəxs” statusu verilib. Ola bilər, növbəti illərdə digər universitetlərə də belə status veriləcək. "Publik hüquqi şəxs” olan universitet özü-özünü maliyyələşdirməlidir. Gələcəkdə belə universitetlərin artması müvafiq problemlər yarada bilər. Hazırda bəzi yüksək bal toplayan tələbələr seçdikləri ixtisasın ödənişi yüksək olduğuna görə, təhsil ala bilmirlər. Təhsil haqqını ödəyə bilməyən tələbələr təhsilini yarımçıq qoymalı olur. Sözügedən problemləri həll etmək üçün təhsil krediti məsələsi gündəmə gətirildi. Lakin bu tam olaraq həllini tapmadı. Çünki banklar tələbələrə minimum faizlə kredit vermək imkanında deyillər.
Bizdə tələbələrin regionlardan paytaxta gəlməsi, kirayə haqqı ödəməyə məcbur olması, yataqxanaların olmaması və s. problemlər hələ də qalmaqdadır. Bütün bunların fonunda təhsil haqqının da yüksək olması tələbələri çıxılmaz duruma salır”.
N.İsrafilov hesab edir ki, təhsil haqqının yüksək olması probleminin tam şəkildə həllinin yeganə yolu təhsil kreditlərinin verilməsidir:
"Müvafiq qanun qəbul edilərsə, tələbələrin yükü bir qədər azala bilər. Milli Məclisin Təhsil Komitəsinin sədri İsa Həbibbəyli təhsil kreditlərinin gündəmdə olduğunu diqqətə çatdırdı. Deputatın sözlərinə görə, məsələ həllini tapacaq. Xarici ölkələrdə xüsusi təşkilatlar, qurumlar, şirkətlər var ki, tələbələrə yardım edirlər. Azərbaycanda isə imkanlı şəxslərin, təşkilatların, şirkətlərin belə addımlarını görə bilmirik”.


Facebook-da paylaş