İrəvanda toqquşmalar qaçılmazdır – Zülfüqarov





Ermənistanda növbədənkənar parlament seçkiləri çox gərgin keçəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, Ermənistanda erkən parlament seçkilərinin keçirilməsi hakimiyyət dəyişikliyi ərəfəsində də gündəmdə idi:

“Bildiyiniz kimi, Ermənistanda parlament keçmiş iqtidar tərəfindən formalaşıb. Təbii ki, Paşinyan və onun dəstəsi də çox yaxşı anlayır ki, parlamentə nəzarət olmadan hüquqi baxımdan hakimiyyətə tam nəzarət etmək mümkün deyil. Paşinyan mitinqlərdə bir sıra bəyanatlar verib ki, meydan bir növ hakimiyyətin qanadıdır, meydanda qəbul olunan qərarlar önəmlidir. Paşinyan hətta hakimiyyətin bəzi məsələlərinin də meydanda müzakirə olunacağını bəyan edib. Ancaq Paşinyanın bu bəyanatları ona müxalif olan qüvvələrin başında olmaq istəyən və artıq buna nail olan Köçəryan tərəfindən çox tənqidlə qarşılanıb. Bu məsələlərin parlament seçkiləri vaxtı özünü daha qabarıq büruzə verəcəyini istisna etmirəm. Hesab edirəm ki, Ermənistanda növbədənkənar parlament seçkiləri çox gərgin keçəcək. Ermənistanda iki düşərgə formalaşıb və onların toqquşması ilk olaraq parlament seçkilərində olacaq”.

T.Zülfüqarov Ermənistanda hakimiyyət uğrunda birbaşa toqquşmaların regional xarakter daşıdığını vurğulayıb:

“Ermənistanda 20 ildir ki, hakimiyyəti Qarabağ klanı zəbt edib. Təbii ki, onlar nəinki hakimiyyəti, ölkədə əsas iqtisadi və digər sahələri mənimsəyərək Ermənistanın əhalisini təzyiq altında saxlayan və istismar edən bir qüvvəyə çevriliblər. O üzdən baş verəcək regional toqquşmalarda Köçəryan əsasən Qarabağ klanına söykənəcək. Paşinyan isə Ermənistanda olan qüvvələri əhatə etməyə çalışacaq. O da bəllidir ki, Paşinyan Qarabağda böyük nüfuza malik olmayacaq”.

Rusiyanın Ermənistanda Paşinyan-Tramp görüşündən sonra hərəkətə keçəcəyi ilə bağlı iddialara gəlincə, sabiq nazir bu barədə konkret fikir yürütməyin çətin olduğunu bildirib:

“Təbii ki, Rusiyanın Ermənistanda əsas dayağı Qarabağ klanıdır. Bu da təəccüblü deyil. Rusiya nüfuzunu məhz Qarabağ klanını təmsil edən insanlar əsasında göstərir. Rusiyanın bu məsələlərdə rolu və müdaxiləsi öz yerində qalsa da, hesab edirəm ki, Ermənistanda daxildə də regional, iqtisadi maraqlar və siyasi baxımdan qarşıdurma mövcuddur. O üzdən Ermənistanda toqquşmalar qaçılmaz olacaq”.


Facebook-da paylaş