"Valideyn anlamalıdır ki, uşağını belə sıxlıqda oxutmaq ona əzab verməkdən başqa bir şey deyil"




Orta ümumtəhsil məktəblərinin rus bölməsinə marağın artması geniş müzakirələrə səbəb olub. Moderator.az-ın əməkdaşı bu məqsədlə tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin fikrini öyrənib.

- Etibar müəllim, Son dövrlər Orta ümumtəhsil məktəblərində valideynlərin rus bölməsinə üstünlük vermələrinin səbəbləri nədən ibarətdir?

- Məncə bu rasional xarakter daşımır. Bəzən deyirlər ki, “İlbəil orta məktəblərin rus bölməsinə qəbul göstəricisi artır”. Bu fikir doğru deyil. Sadəcə, ümumilikdə əhalinin sayında artım olduğundan Azərbaycan bölməsi ilə yanaşı rus bölməsinə də qəbul göstəricisi əvvəlki illərlə müqayisədə təbii olaraq dəyişir. Əslində isə faiz nisbəti sabit qalır. Rus bölməsi üzrə göstərici Bakı şəhərində təxminən 15 faiz ətrafında dəyişir. Paytaxt və paytaxtətrafı əraziləri çıxmaq şərtilə digər yerlərdə isə bu məsələ o qədər də aktual deyil. Bəzi valideynlər rus dilini bilməyən uşağın “qonşudan qalma dala” prinsipi ilə rus bölməsini zorla seçməsi sonra ciddi fəsadlar yaradır. Məktəb dil kursu deyil. Məktəb yalançı modabazlıq məkanı olmamalıdır. Rus dilini ana dili kimi bilməyən uşaq təbii ki, dərs proqramını nəinki mənimsəməyəcək, heç anlaya da bilməyəcək. Oxumağa, öyrənməyə də həvəsdən düşəcək. Dili tam bilməyən uşaq, deyək ki, belə uşaqlar ibtidai sinif mərhələsini birtəhər “oxudu”lar sonra onlar orta və yuxarı siniflərdə böyük çətinliklərlə üzləşirlər. Bu gün birmənalı olaraq söyləmək olar ki, Azərbaycan dilində ümumi orta təhsilin səviyyəsi rus bölməsindən yüksəkdir.

- Bəlkə valideynlər müəllimlərin səviyyəsini əsas götürürlər?

- İnandırıcı deyil. Orta məktəblərdə konkret fənləri tədris edən müəllimlərin böyük əksəriyyəti Azərbaycan bölməsində dərs deyən müəllimlərdir.Bu zərurətdən irəli gəlir. Çünki rus bölməsi üzrə ixtisaslı kadr çatışmamazlığı var. Daha ciddi məsələ ondan ibarətdir ki, rus bölməsi üzrə ibtidai sinif müəllimi vakansiyalarına ya sənəd verən azdır və ya sənəd verənlərin əksəriyyəti zəruri keçid balını toplaya bilmir.

İbtidai siniflərdə rus bölməsi üzrə müəllim çatışmamazlığı ucbatında xüsusən şəhərlərdə (Bakı və Sumqayıt) bəzən 1sinifdə uşaq sayı 40 nəfəri keçir. Valideyn anlamalıdır ki, uşağını belə sıxlıqda oxutmaq ona əzab verməkdən başqa bir şey deyil. Bir dərs vaxtı 45 dəqiqə, uşaq sayı 40-dan çox. Müəllim necə dərs keçsin və uşaq fənni necə qavrasın?! Konkret qiymətləndirmə meyarları və monitorinqlər bunu deməyə əsas verir.

- Bəs son illərin tələbə qəbulunun nəticələri nə deyir?

- Maraqlı sualdır. Bizim müşahidələrimiz göstərir ki, eyni ixtisasa Azərbaycan bölməsi üzrə təxminən 600 balla daxil olan abituriyent, həmin ixtisasın rus bölməsinə 400 balla daxil olur.

Ali məktəblərə qəbul olunan abituriyentlərin ümumi bal göstəricisinə nəzər salaq. Azərbaycan bölməsində yüksək (500-700 arası) bal toplayan abituriyentlərin nisbət faizi dəfələrlə yüksəkdir. Aşağı balla ali məktəbin rus bölməsinə daxil olmuş tələbələrin təbii ki, yüksək ixrisaslı kadr kimi yetişməsi də inandırıcı deyil. Məndə olan məlumata görə son illər orta və yuxarı siniflərdə rus bölməsində oxuya bilməyib Azərbaycan bölməsinə keçən uşaqlara da kifayət qədər təsadüf olunur. Həmin uşaqlar Azərbaycan bölməsinə qayıtdıqdan sonra da ciddi uğur qazana bilmirlər. Hansı ki, əvvəldən Azərbaycan bölməsində uğurla oxuya bilərdilər.

- Etibar müəllim, bu məsələlər qanunvericiliklə necə tənzim olunur?

- Azərbaycanda icbari ümumi orta təhsil dövlət dilində təmin olunur. Dövlətin humanist və tolerant siyasəti sayəsində digər dillərdə də icbari təhsilə imkan yaradılır. Amma bəzi valideynlərin bunun həddən ziyadə və lüzumsuz tələb kimi qarşıya qoymaları qeyri-ciddi görünür. Yəni, ailədə azərbaycanca danışılır, uşaq azərbaycan dillidir, ana və ya atanın təkidi ilə onu rus bölməsinə yazdırmaq iddiası ortaya qoyulur. Əvvəllər bu kimi halların qarşısınının alınması üçün səhv etmirəmsə, məktəblərdə uşaqlarin dil qabiliyyəti yoxlanılırdı. Bu məsələdə subyektiv amilləri aradan qaldırmaq üçün müsahibə götürüldü. Müsahibənin yenidən tətbiqinin tərəfdarı deyiləm. Amma bəzi valideynlərin bundan sui-istifadə cəhdi yolverilməzdir.


Facebook-da paylaş