PROFESSOR: "MEDİA TƏŞKİLATLARI JURNALİSTLƏRİN HÜQUQLARINI MÜDAFİƏ ETMƏLİDİR”





Xəbər verdiyimiz kimi, dünən səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə "unikal.org"un əməkdaşı Famil Fərhadoğlu (İbrahimov) döyülüb. Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan həmkarımız F.Fərhadoğlu nazirlik işçilərinin hücumuna məruz qalıb. F.Fərhadoğlu üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənlərin mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.

Məsələ haqqında "Sherg.az”a danışan tanınmış jurnalist, BDU-nun professoru Qulu Məhərrəmlinin sözlərinə görə, məmurlarda təsəvvür formalaşıb ki, jurnalistlər yalnız onların iradələrinə tabe olmalıdır. O düşünür ki, uzun illər medianın cəmiyyətin həyatındakı rolunun, jurnalistlərin sərbəstliyinin məhdudlaşdırılması həmin məmurların davranışlarının nəticəsidir:

"Jurnalist öz vəzifəsini icra edirsə, onun informasiya alma prosesi hüquq çərçivəsində baş verirsə, jurnalistə qarşı zorakı addım atıla bilməz. Əvvəl müxtəlif media təşkilatları, Media Hüququ İnstitutu belə hallarda reaksiya verirdilər. Bu təşkilatların açıqlamaları ictimai rəyi formalaşdırırdı ki, jurnalistlərə qarşı zorakılıq addımları yolverilməzdir. İndiki halda da jurnalistlər özləri haqqında düşünməli, media təşkilatları həmkarlarımızın hüquqlarını müdafiə etməlidir”.

Qulu Məhərrəmlinin fikrincə, jurnalistlərə barmaq işarəsi ilə diktə edilsə, "onu etmə, bunu etmə”, deyə məhdudiyyətlər qoyulsa, müəyyən çərçivədə hansısa məmurların iradəsi ilə hərəkət edən sistem kimi baxılsa, deməli, mətbuatın gələcəyi ciddi təhlükə altında olacaq:
"Məmurlar jurnalistlərin məlumat toplaması, informasiyaları ictimaiyyətə çatdırması üçün şərait yaratmalıdırlar. "KİV haqqında qanun”a əsasən, jurnalistlərə belə təzyiq etmək, zorakılıq göstərmək qadağandır. Hər hansı məmur jurnalistə qarşı bu hala yol verərsə, qanun və ictimaiyyət qarşısında məsuliyyət daşıyır”.


Facebook-da paylaş