“Azərbaycan Rusiyanın qarşısında bəzi şərtlər qoymalıdır” - "Bircə qalıb İrəvanın biskvit fabriki..."

“Rusiya ya Qarabağ probleminin həllində üzərinə ciddi öhdəlik götürməlidir, ya da...”



ABŞ-ın Rusiyadan silah alan şirkətlərə qarşı sanksiya siyasətini gündəmə gətirməsi Kremldən silah idxal edən ölkələrlə bağlı da mürəkkəb situasiyanın formalaşmasına səbəb olub. Məlum olduğu kimi, Rusiyadan ən çox silah alan dövlətlərdən biri Ermənistandır. Hansı ki, Azərbaycandan fərqli olaraq, Ermənistan üçün bu məsələdə alternativ dövlət demək olar ki, yoxdur. Bu baxımdan Rusiyadan silah alışına qoyulan qadağa Ermənistan üçün ciddi problemə çevrilə, onu yeganə silah idxalçısından məhrum edə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Eldar Namazov Azərbaycanın Rusiya qarşısnda konkret tələblərlə çıxış etməli olduğunu vurğulayıb:

“Birincisi, Ermənistanın rus silahlarını almaq üçün maliyyə imkanı yoxdur. Bu silahları Rusiya Ermənistana kredit şəklində verir. Bunun qarşılığında isə Ermənistanın az-çox önəm kəsb edən bütün sənaye sahələri Rusiyanın sərəncamına verilib. Dəmiryolları, elektrik stansiyaları, aeroportları və s.-nin sahibləri ruslardır. Bircə qalıb İrəvanın biskvit fabriki. Bunun da elə bri dəyəri yoxdur deyə ona maraq göstərən yoxdur. 
Ermənistan demək olar ki, Rusiyadan silahı pulsuz alır. Əslinə qalsa, bu, bizim üçün bir problemdir. Azərbaycan Rusiydan silah alanda böyük məbləğlər ödəyir. Son müqaviləyə görə biz, Rusiyanın hərbi sənaye-kompleksinə böyük miqdarda pul ödəmişik. Belə çıxır ki, rus zavodları bizim pulumuzla işləyir, silahları bizə pulla satır, daha sonra isə bu silahların bir qismini Ermənistana pulsuz verir. Əslində Azərbaycan ruslar qarşısında müəyyən şərtlər qoymalıdır. Biz torpaqlarımızı işğal edən dövlətin ordusunu silahlandıranları maliyyələşdirə bilmərik. Rusiya ya Qarabağ probleminin həllində üzərinə ciddi öhdəliklər götürüb işğaldakı torpaqların azadlığı üçün Ermənistana müəyyən təzyiq göstərməli, ya da silah alqı-satqısı ilə bağlı hərbi müqavilələrin icrası məsələsində problemlər ola bilər”.




Facebook-da paylaş