"Təəssüf ki, İran tərəfinin davranışlarında səmimiyyətdən əsər-əlamət görünmür"



İstanbul sammitində İlham Əliyev ad çəkməsə də İranı ermənipərəst mövqeyinə görə qınadı.

Dövlət başçısı bunu o cür platformada deyirsə, deməli, ikitərəfli görüşlərdə narazılıq daha sərt və ya incik formada dilə gətirilir. İranı bu siyasətindən çəkindirmək üçün biz nə etməliyik? Yaxud İrandakı azərbaycanlılar rəsmi Tehrana bu məsələdə təzyiq göstərmək imkanına sahib deyillərmi?

Millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında deyir ki, İranı erməni sevgisindən imtina etdirmək üçün bu istiqamətdə ardıcıl addımlar atılmalıdır:

"İstanbuldakı çıxışında ölkə prezidenti Ermənistanla əməkdaşlıq edən və özlərini müsəlman adlandıran ölkələrə həqiqətən də anlamlı mesaj verdi. Tehranın bu sözlərdən sonra fərqli siyasət izləyəcəyini söyləmək sadəlövhlük olardı. Bu o halda mümkündür ki, orada dini sistemdə nüfuz sahibi olan Azərbaycan türkləri hansısa formada sərt etirazlarını ifadə etsinlər. Lakin bunun hələ də şahidi olmuruq. İran daxildə İslam dövləti kimi özünü təqdim etməyə çalışsa da, xarici siyasətdə İslama düşmən olan əksər qüvvələrlə əməkdaşlıq içindədir. Bu dövlətlərdən biri də Ermənistandır. Biz hər halda öz ifşaedici kursumuzu davam etməliyik, hər bir tədbirdə İranın bu mövqeyini tənqid etmliyik, əvvəl-axır bu siyasətə İran cəmiyyətində etirazların başlaması mümkündür. İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan İranla səmimi qonşuluq siyasətini davam etdirməyə maraqlıdır, İran tərəfinin davranışlarında isə bu səmimiyyətdən əsər-əlamət görünmür. Hər bir halda İranın erməni sevgisini azaltması bizim marağımızda olduğundan, bu tənqidləri dayandırmamalıyıq".




Facebook-da paylaş