“Ermənistanın dünyaya çıxış pəncərəsi İrandır”

Fikrət Sadıqov: “Biz rəsmi və ya qeyri-rəsmi formada öz sözümüzü bundan sonra da deməliyik”



İran İslam Respublikası ilə Ermənistan arasında Mehri Azad Ticarət Zonasının 15 dekabr tarixində fəaliyyətə başlayacağı ilə bağlı informasiya yayılıb. Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə islam dövlətlərlini Ermənistanla əməkdaşlıqdan çəkinməyə çağırıb və qeyd edib ki, məscidləri dağıdan Ermənistan heç bir müsəlman dövləti ilə səmimi dost ola bilməz.

Maraqlıdır, Azərbaycan bu baxımdan Ermənistanla iqtisadi münasibətləri inkişaf etdirən İranla müvafiq iş aparmalı, bununla bağlı öz narahatlığını qarşı tərəfə çatdırmalıdırmı?

Moderator.az -a açıqlama verən politoloq Fikrət Sadıqov bu kimi məsələləri diqqətdə saxlamağın vacib olduğunu vurğuladı:

“Təbii ki, bu məsələyə bütün islam dövltləri, eləcə də İran həssas yanaşmalıdır. İran-Ermənistan münasibətləri uzun illərdir ki, inkişafdadır. Bu bir reallıqdır ki, Ermənistanın dünyaya çıxış pəncərəsi İrandır. Başqa bir reallıq da var ki, İran Rusiya ilə yaxın partnyorluq münasibətlərinə malikdir. İran bu münasibətlər çərçivəsində regionda müəyyən addımlar atır. Onların bir çox məsələdə mövqeyi üst-üstə düşür. Yaxın Şərqdə birgə əməliyyatlar aparırlar və s. 

Biz bu kimi məsələlərə biganə qalmamışıq və hər zaman öz sözümüzü demişik. Rəsmi və ya qeyri-rəsmi şəkildə öz narazılığımızı bildirmişik. Hər zaman İranın bu hərəkətlərini pisləmişik. Çünki həqiqətən bu, başadüşülməz bir addımdır. Ermənistanın İranla qonşu olması belə İranın bu davranışlarına bəraət qazandırmır. Əgər bir ölkə xristian dünyasına arxalanaraq müsəlman dövlətinin bir hissəsini zəbt edibsə, bu vaxta qədər heç bir beynəlxalq normalara əməl etmirsə, təbii ki, islam həmrəyliyi bu zaman öz sözünü deməlidir. İranın bu davranışında islam həmrəyliyinə zidd addımlar görürük. 

Biz təbii ki, İranla münasibətlərimizi kəsməyəcəyik. Lakin bundan sonra da rəsmi və ya vətəndaş cəmiyyətlərinin timsalında öz sözümüzü deməliyik. Bu kimi məsələlərdə biganə qalmaq olmaz”.




Facebook-da paylaş