“İlin bərbəri, ilin hamamçısı” diplomlarını satan təşkilatın bizə aidiyyatı yoxdur”




Bir zamanlar hörmətli qurumlardan biri olan Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı (AzərKİVİHİ) bu gün cəmiyyətdəki ən hörmətsiz, hətta qondarma jurnalist təşkilatına çevrilib. Təşkilat pul qarşılığında kimə gəldi - dəlləkə, aşpaza, hətta süpürgəçiyə belə diplomlar, təltiflər, xüsusi adlar paylamaqla məşğuldur. Adı var olsa da əslində mövcud olmayan bu təşkilatın jurnalistikaya isə ümumiyyətlə aidiyyatı yoxdur. Əksinə, hər yoldan ötənə 20 manata belə "Qızıl qələm", "İlin jurnalisti", "Peşəkar jurnalist" diplomlarını satmaqla jurnalistikaya ağır zərbələrdən birini vurur

Dəfələrlə tanınmış jurnalistlərin sosial şəbəkələrdə bu təşkilatla bağlı haqlı iradlarına, tənqidlərinə rast gəlsək də, təəssüflər olsun ki, AzərKİVİHİ ilə bağlı rəsmi ölçü götürülməsi və ya qurumun ləğv edilməsi ilə bağlı konkret iş görülməyib. Maraqlıdır, belə bir üzqarası qurumun “fəaliyyətinə” son verilməsi ilə bağlı hansı qurumlar və ya kimlər addım atmalıdır?

Moderator.az elə bu sualla da Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərliyə müraciət edib.

Müşfiq Ələsgərli indiyədək ictimai müzakirə səviyyəsində olan bu məsələ ilə bağlı artıq Ədliyyə Nazirliyi səviyyəsində addım atılmasının lazım olduğunu deyib:

“İstənilən məsələnin ilk öncə ictimai müzakirəsi keçirilir. İndiyə qədər bu məsələ də ictimai müakirə səviyyəsində idi. Həmin təşkilat əvvəlcə səhvə yol verdi, təbii ki, media adamları da bu məsələyə ümumi mənada fikirlərini bildirdilər, bəyənatlar səsləndirildi ki, bu cür əməllər yolverilməzdir. Hansı əməllərdən söhbət gedir – bunlar uzun müddət Azərbaycanda sanballı qələm adamlarının aldığı nominasiyanı, “Qııl qələm” mükafatını gödən saldılar. Çox təəssüf ki, bu mükafatı aidiyyati olmayan adamlara, həm də müəyyən maddi ödəniş qarşılığında verdilər. Bu da çox pis haldır və medianın adına ləkə olan məsələdir. İndi bu məsələnin üzərinə çox gedildi və bir müddət sakitləşdilər. Biz də hesab etdik ki, bunlar yəqin tənqidlərdən nəticə çıxardılar. Təəssüf ki, indi məlum olur ki, bunlar məsələni nəinki gündəmdən çıxartmayıblar, hətta daha geniş həcmə keçiriblər. İndi hətta “Qızıl qələm” mükafatı deyil, “İlin ən yaxşı saş ustası”, “İlin hamamçısı” və s. mükafatlar belə təsis ediblər. Öz təyinatlarına uyğun olmayan adamlara bu “mükafatları” paylayırlar. 
Birmənalı şəkildə deyirəm ki, bu Azərbaycan mediasının adına ləkədir. Bunlar çox məsuliyyətsiz, media adına ləkə gətirən işlə məşğuldurlar. Mənə belə gəlir ki, biz jurnalist təşkilatları olaraq bu məsələni ictimai müzakirə səviyyəsindən yığışdırıb, Ədliyyə Nazirliyinə müraciət etməliyik ki, bunların haqqında konkret ölçü götürsünlər”. 

M.Ələsgərli rəhbəri olduğu Jurnalistlərin Həmkərlar İttifaqının adının AzərKİVİHİ ilə oxşarlıq təşkil etməsinə də münasibət bildirib:

“Çox təəssüf ki, bizim təşkilatların adında da bir yaxınlıq var. Rəhbəri olduğum Jurnalistlərin Həmkərlar İttifaqı kifayət qədər ciddi qurumdur. Həm beynəlxalq təşkilatlarda təmsil olunur, həm də Azərbaycan Mətbuat İşçilərinin idarə heyətinin üzvüdür, zamanında KİVDF-də təmsil olunmuşuq və s. Onlar ictimaiyyətin məlumatsızlığından istifadə edərək bəzən bizim də adımızdan istifadə edirlər. Açıq şəkildə bəyan edirəm ki, bu təşkilatın bizə heç bir aidiyyatı yoxdur. O təşkilatın fəaliyyəti ümumiyyətlə qondarmadır. Ortada media, azad sözün inkişafı, medianın durumunun yaxşılaşdırlması, peşəkarlığın artırılması üçün hər hansı bir fəaliyyətləri yoxdur.  Uzun müddətdir yalnız diplom satan bir qurum kimi tanınırlar və bu da yolverilməzdir”. 

Müşfiq Ələsgərli media nümayəndələrinə AzərKİVİHİ-in ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyinə müraciət etmələri üçün çağırış edib:

“Bu qurum bütün media ictimaiyyəti üçün ləkədir. Təəssüf ki, onların fəaliyyətinə baxaraq müəyyən şəxslər də belə bir fikir irəli sürür ki “bir media təşkilatı diplom satmaqla məşğuldursa, o mediadan nə gözləmək olar”. Bu irad təkcə onların öz adına yox, bütünlükdə Azərbaycan mediasının adına yazılır, media haqqında yanlış təsəvvür formalaşdırır. Ona görə də hər kəs bu məsələnin üzərinə getməlidir və bir sonuc əldə olunmalıdır. 

Mən bütün media ictimaiyyətini dəvət edirəm ki, öz adlarından Ədliyyə Nazirliyinə müraciət etsinlər və bu qurumun fəaliyyəti haqqında ciddi ölçü götürülməsinə nail olunsun”.




Facebook-da paylaş