“Ermənistanın müharibəni uduzduğuna təkcə Paşinyan yox, erməni xalqı imza atmalıdır...”

“Ermənistanın müharibəni uduzduğuna təkcə Paşinyan yox, erməni xalqı imza atmalıdır...”


“Bu günki tariximizə gələndə biz Qarabağı zəfərlə azad etdik, 44 gün ərzində şərəfli bir tarix yazdıq. Amma bilin ki, bizim tariximiz 44 günlük tarix deyil. Min illərlə yaşamışıq və bu illəri 44 günə böləndə görün bizim nə qədər tarix kitablarımız olmalıdır”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib. Ş.Əsgərov Qarabağla bağlı tariximizin orta məktəblərdə tədris olunmasının vacib məsələlərdən biri olduğunu bildirib:
 
“Əlbəttə, hər bir gənc öz tarixini bilməlidir. Çünki tarixini bilməyən gənc vətənpərvər olmaz. Vətən torpağı da müqəddəs sayılır, müqəddəs sözü ona işarə vurur ki, bu torpaq yolunda ölümə də gedəcəksən. Amma tarix məsələsinə gələndə biz otuz ilə yaxındır ki, müstəqilik və bu illər ərzində yaxşı Azərbaycan tarixi kitabı yazmışıqmı? Tarix kitabları oxunmur, çünki qədim tarix aşağı siniflərdə öyrədilir, bunu da uşaq bunu qavraya və Azıx mağarasının nə olduğunu bilmir. Yuxarı siniflərdə isə bu dərsliklər çox sadədir və şagirdlər bunu o qədər eşidib ki, maraq doğurmur. Tarixi öyrənmək üçün bir nümunə var və bu da mənfur ermənilərin öyrətmə qabiliyyətidir. Onlar yalanı necə öyrədirlərsə, adam elə düşünür ki, haqq uğrunda ölümə gedir. Vətən müharibəsində bunun bir daha şahidi oldum. Yaşlı erməni qadını iddia edirdi ki, Qarabağ bizim torpaqdı. Bunu iddia edir, amma tarixdən xəbərsizdir. Ona görə tarix kitabı hədsiz dərəcədə vacib bir kitabdır”. 
 
Professorun sözlərinə görə, kitabı yazmamışdan öncə bunun konsepsiyası müəyyənləşdirilməlidir:
 
“Bu günki tariximizə gələndə biz Qarabağı zəfərlə azad etdik, 44 gün ərzində şərəfli bir tarix yazdıq. Amma bilin ki, bizim tariximiz 44 günlük tarix deyil. Min illərlə yaşamışıq və bu illəri 44 günə böləndə görün bizim nə qədər tarix kitablarımız olmalıdır. Ona görə “Qarabağın zəfəri tarixi” kitabının konsepsiyası əvvəlcədən müəyyənləşməlidir. Mən bunu cənab nazirin sevincindən doğan bir təşəbbüs kimi görürəm. Tarix kitabını elə yazmaq lazımdır ki, onu gələcək nəsillər, dünya qəbul etsin. Bilirsiniz ki, Vətən müharibəsində əldə etdiyimiz qələbəyə görə üçtərəfli 10 noyabr anlaşması imzalandı. Birinci tərəf Azərbaycan idi, hədsiz dərəcədə məmnundu, digəri erməni tərəfidir ki, bunu qəbul etmir və istəyir ki, Paşinyanı vəzifədən uzaqlaşdırsınlar. Üçüncü tərəf isə Rusiyadır və  onlarda da ziddiyyətli fikirlər var. Ona görə tarix kitabının əsas birinci şərti o olmalıdır ki, onu birinci tarix özü qəbul etsin. Ona görə də bəşər tarixinin bunu qəbil etməsi üçün hər şeyi analiz etmək lazımdır. İndiki müharibənin əvvəlkilərdən fərqi müzakirə olunmalıdır”. 
 
Ş.Əsgərov deyir ki, tanınmış xarici ekspertlər də ordumuzun yeni taktikasının unikallığını etiraf edib:
 
“Pavel Rayel adlı bir rus eksperti var, o, Vətən müharibəmizlə bağlı çox maraqlı, həqiqətin xeyrinə analizlər verdi. Çıxışında da bizi qalib elan etdi. O, deyirdi ki, “azərbaycanlılar yeni taktikadan istifadə etdi. Onlar əsgəri yox, tankı, topu nişan aldı və bunu erməni əsgəri görəndə texnikalarını qoyub qaçdılar”. Mənə elə gəlir ki, bu dünya tarixində yeni bir şeydir ki, sən əsgərləri öldürmürsən, amma əlindəki qılıncını alıb qırırsan. Buna görə mən düşünürəm ki, gec-tez sülh müqaviləsi bağlanmalıdır. Ermənistanın müharibəni uduzduğuna təkcə Paşinyan yox, erməni xalqı imza atmalıdır”.
 
Professorun sözlərinə görə tarix kitabı yazmaq üçün biz ilk öncə qəhrəmanlarımızı tanımalıyıq: 
 
“Biz ilk öncə qəhrəmanlarımızı tanımalıyıq. Mən bu işin bayağı şəkildə təbliğatına razı deyiləm. 20 Yanvar faciəsində 146 nəfər həlak oldu. Onların neçəsinin adını bilirik? Gəlin ilk öncə qəhrəmanlarımızı tanıdaq və kitab yazaq. Biz Zəngəzur, Göyçə, Dərbənd kimi torpaqlarımızı da qaytarmalıyıq. Tarix kitabı bizim “Qurani-Kərim”dən sonra ikinci kitabımızdır, amma gərək həqiqəti yazaq”
 
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev bildirib ki, növbəti ildən məktəblərdə “Qarabağ tarixi” fənninin adı “Qarabağın zəfər tarixi” adı altında 9-cu siniflərdə tədris olunacaq. Onun sözlərinə görə, burda əsas məqsəd Qarabağ tarixini, müstəqilliyimizin ilk illərində onu niyə itirdiyimiz, uzunmüddətli danışıqlar prosesi, ən vacibi Azərbaycanın qazandığı zəfərin gənc nəslə çatdırılmasıdır”.


Facebook-da paylaş