Koronavirus dünya ticarətində 30 faizə yaxın azalmaya səbəb olacaq


Koronavirus pandemiyası nəticəsində bu ilin ikinci rübündə dünya ticarəti birinci rüblə müqayisədə 26,9% azalacaq.

Bu proqnozla BMT Ticarət və İnkişaf Konfransı (UNCTAD) çıxış edib.

BMT-nin digər təşkilatlarla birlikdə hazırladığı statistik hesabatda qeyd olunur ki, 2019-cu ilin sonlarında dünya ticarətində zəif artım qeydə alınmışdı. Bu il artım dinamikası davam edirdi. Lakin koronavirus pandemiyasına qarşı tətbiq olunan məhdudlaşdırıcı addımlar dünya iqtisadiyyatına ağır zərbə vurdu ki, bu da özünü ticarətin həcmində büruzə verdi:

“UNCTAD-ın operativ proqnozuna əsasən, 2020-ci ilin birinci rübündə ticarət əməliyyatlarının həcmi özündən əvvəlki rüblə müqayisədə 3%azalıb”.

Qurum ekspertlərinin fikrincə, ticarətə dəyən zərərin real həcmi aprel-iyun aylarında üzə çıxacaq. Həmin aylarda ticarət həcmi əvvəlki rüblə müqayisədə 26,9% azalacaq.

Proqnozun hazırlanması zamanı çoxsaylı mənbələrin məlumatı, o cümlədən xammal bazarında baş verən ucuzlaşma nəzərə alınıb. Ekspertlərin hesablamalarına görə, yanvarda xammal bazarında qiymətlər 1,2%, fevralda 8,5%, martda isə 20,4% ucuzlaşıb. Burada əsas yer mart ayında 33,2% dəyərsizləşən yanacağa məxsusdur. Kənd təsərrüfatı, mineral xammal, metalların qiymətində isə 4%-dən yuxarı ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı 2020-ci ildə dünya ticarətində 13-32%-lik azalma proqnozlaşdırıb.


Facebook-da paylaş