“Murov qartalı” ASAN könüllülərinə təqdim olundu - FOTOLAR







Ötən ilin aprel döyüşlərində şəhid olan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Azərbaycan ordusunun qəhrəman zabitlərindən, igid komandirlərindən biri kimi onun keçdiyi rəşadətli döyüş yolu hər bir vətənpərvər gəncimiz üçün layiqli örnəkdir.

AzFakt.info Koordinat.az-a istinadən xəbər verir ki, bu fikirlər şəhid zabitin anadan olmasının 45 illiyi münasibətilə  iyulun 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən anım mərasimində səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkil etdiyi mərasimdə, həmçinin, əfsanəvi kəşfiyyatçıdan bəhs edən “Murov qartalı” kitabı “ASAN xidmət”in gənc könüllülərinə təqdim edilib.

Mərkəzin geniş salonuna toplanmış çoxsaylı ASAN Xidmət təmsilçisi və  könüllüsü şəhidlərimizin ruhunu ehtiramla yad edib, Raquf Orucovun kitabda da öz əksini tapmış həyat və döyüş yolu  haqqında çıxışları böyük maraq və diqqətlə dinləyib. 

ASAN Radionun direktoru Emin Musəvi mərasimi açarkən özünün də vaxtilə Raquf Orucovla birgə Murovdağ bölgəsində hərbi xidmət keçdiyini, onun hünər və cəsarəti, öz əsgərlərinə qayğıkeş münasibəti haqqında həmin dövrdə xoş sözlər eşitdiyini bildirib. Məhz belə yüksək mənəvi keyfiyyətləri və peşəkarlığı ilə seçilən zabitlərin ordumuza şərəf gətirdiyini vurğulayan Emin Musəvi qəhrəman kəşfiyyatçının və onun silahdaşlarının aprel döyüşlərində düşmənə sarsıdıcı zərbə vurduqlarını xatırladıb.

Şəhid polkovnik-leytenantın döyüş yolunu əks etdirən videoçarx nümayiş olunduqdam sonra çıxışlar başlayıb. Ağdam rayon icra hakimiyyəti başçısının müavini Arzu Rəhimova bu tədbiriin təşkilinə görə ASAN Xitmətin rəhbərliyinə təşəkkür edib, gənc nəslin vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında şəhidlərimizin qəhrəmanlıq nümunələrinin mühüm rol oynadığını bildirib. O, valideynlərini və özünü yaxından tanıdığı Raquf Orucov haqqında xatirlərini gənclərlə bölüşüb,  onun komandir məziyyətləri, hərbi şücaətləri haqqında  söhbət açıb. Arzu xanım “Murov qartalı” kitabının Ağdamda da təqdimatının yüksək səviyyədə keçirildiyini, kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərdiyini qeyd edib.
 
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu özünün səmimi və təsirli çıxışı ilə   mərasim iştirakçılarının gur alqışını qazanıb. O, vaxtilə Ağdamda məşhur komandir Şirin Mirzəyevin yaratdığı ilk nizami hərbi hissədə kəşfiyyatçı kimi iştirakçısı olduğu döyüşlərdən, gənclərin vətən uğrunda necə böyük qəhrəmanlıqlar göstərdiklərindən danışıb. Raquf Orucovu şəxsən tanımasa da, onun öz igidliyi ilə əsl xalq qəhrəmanı səviyyəsinə yüksəlməsindən qürur duyduğunu bildirərək, gənclərə məhz belə qəhrəmanlardan nümunə götürməyi tövsiyə edib. 

“Murov qartalı” kitabının həmmüəllifi jurnalist Elşən Əliyev çıxışında belə bir məqamı vurğulayıb ki, bu nəşr əfsanəvi kəşfiyyatçı Raquf Orucovun mənalı ömrü və zəngin döyüş yolu haqqında irihəcmli bədii əsərin və filmin yaradılması üçün ilkin mənbə ola bilər. Bildirib ki, vaxtilə şəhid zabitlə birgə hərbi xidmət keçmiş ehtiyatda olan hərbçi İlham Əhmədovun və onun təmsil etdiyi “Azman Holdinq” şirkətinin təşəbbüsü və hərtərəfli dəstəyi  ilə hazırlanmış kitab böyük tirajla çap edilərək, təmənnasız olaraq oxuculara paylanıb. Elşən Əliyev həmkarı Elxan Salahovla birlikdə yazıb tərtib etdiyi kitabın ərsəyə gəlməsində “Azman Holdinq”in mətbuat xidmətinin rəhbəri, respublikanın əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Xanlar Məmmədovun da fəal yardımçı olduğunu qeyd edib.

Anım mərasimidə Raquf Orucovun döyüş yoldaşı, ehtiyatda olan zabit Rasim Fəridov, yazıçı-jurnalist Aida Eyvazlı da çıxış edib, igid komandirin hünər və şücaəti, onun qəhrəmanlıq nümunəsinin ictimai əhəmiyyəti haqqında danışıblar.

Mərasimin sonunda şəhid zabitin həyat yoldaşı Sevinc Orucova tədbirin təşkilatçılarına və iştirakçılara ailə üzvləri adından təşəkkürünü bildirib. Bütün şəhidlərimizin, o cümlədən Raquf Orucovun şərəfli ömür yolu və qəhrəmanlığı barədə gənc nəslin məlumatlandırılmasının vacibliyini vurğulayan Sevinc xanım “Murov qartalı” kitabının da məhz belə bir məqsədlə hazırlandığını, bu işdə  “Azman Holdinq”in dəstəyindən məmnun qaldığını deyib. 

Yeri gəlmişkən, mərasimdəki çıxışlarda Raquf Orucovun ailə üzvlərinin, xüsusən, Sevinc xanımın onun gənclərə örnək olan qəhrəmanlığının təbliğindəki fəallığı yüksək dəyərləndirilib. Qeyd edilib ki, istər ötən ilin aprelində baş verən, istərsə də, ümumən, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda  aparılan döyüşlərdə şəhid olan hərbçlərimizin hər biri gənc nəslə yaxından tanıdılmalıdır. Rəşadətli ordumuzun torpaqlarımızı erməni işğalından azad etməyə hazır olduğunun vurğulandığı çıxışlarda möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün tezliklə tam bərpa ediləcəyinə əminlik ifadə olunub. 








Facebook-da paylaş