Qulamrza Səbri Bakıda dünyasını dəyişdi





Güney Azərbaycanın dəyərlı aydını, şairi, elm xadimi, Vətən fədaisi Qulamrza Səbri Təbrizi dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı məlumat yayıb.

O bildirib ki, Qulamrza Təbrizi Arazın o tayında da, bu tayında da yaxşı tanınan, toplum arasında hörməti olan, təbiəti etibari ilə xeyirxah, xoş əməllər üçün doğulmuş bir adam idi:

“Biz onunla bir müddət Dünya Azərbaycanlıları Konqresində bərabər çalışmışdıq. Dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması işinə ürəkdən bağlı idi və bu yolda heç bir fədakarlıqdan çəkinməzdi... Araya girənlər çox oldu, lakin dostluğumuzu poza bilmədilər. Çünki niyyət və hədəf bir idi. Qulamrza Təbrizi Güney Azərbaycandan olan gənclərin, tələbələrin maddi və mənəvi dayaqlarından biri olaraq çox zəhmətə qatlaşmışdı.
Q.Təbrizi uzun illər Böyük Britaniyada Azərbaycan klassik ədəbiyyatını tədris etmişdi. Ömrünün axırına yaxın bütövlüklə Bakıya bağlanmışdı və burda da torpağa verildi...
Kitabları, dostları, əqidədaşları var olduqca o da yaşayacaqdır. Əziz dostumuza Allahdan rəhmət diləyirəm!”

Qeyd edək ki, Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi 21 mart 1934-cü ildə Təbrizdə anadan olub. AYB-nin üzvü, professor idi.


Facebook-da paylaş