“Babamı və nənəmi öldürdülər, əmim isə itkin düşdü" - Xocalı faciəsinin şahidi...

“Babamı və nənəmi öldürdülər, əmim isə itkin düşdü

Bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq. Moderator.az bir müddətdir ki, faciə şahidləri ilə silsilə yazıları təqdim edir. Bu dəfəki müsahibimiz Xocalı sakini Sevda Teyyub qızı Məmmədovadır. 
Qeyd edək ki, S.Məmmədova Xocalıdan çıxanda 20 yaşı olub. Hazırda Pirşağı qəsəbəsində yerləşən Xocalı 2 saylı tam orta məktəbində müəllim işləyir. S.Məmmədova həmin qanlı gecəni Moderator.az-a belə nəql edib:
 
“Xocalı artıq bir müddət idi ki, ermənilər tərəfindən atəşə tutulurdu, amma könüllü döyüşçülərimiz ermənilərin cavabını verirdilər. Fevralın 25-dən 26-na keçən gecə şəhəri hər tərəfdən atəşə tutmağa başladılar. Ailəmlə birlikdə biz də camaata qoşulub meşə yoluyla üzü Ağdama getməyə başladıq. Yolda ermənilərin pusqusuna düşdük. Ermənilər bizi atəşə tutdular və yanımızda olan adamlar çoxu öldürüldü. Onda gənc qız idim, ermənilərə əsir düşməyə qorxurdum. Fikirləşirdim ki, başıma olmazın işgəncələrin gətirərlər”. 
 
“Həmin gecə 14 yaşlı qardaşım İlham itkin düşdü...”
 
“Gizləndiyimiz üçün düşmən bizi görmədi. Həmin gecə 14 yaşlı qardaşım İlham itkin düşdü. Fikirləşdik ki, onu da öldürdülər. Amma biz Ağdama gəlib çıxandan sonra qardaşım da müəllimi ilə başqa yola ora gəldi. Fevralın 26-ı axşam saatlarında Ağdama gəlib çıxdıq və artıq taqətimiz qalmamışdı.  Daha sonra hərə öz qohumunun evinə getdi”. 
 
“Nənəmin bədənində çoxlu güllə yaraları var idi...”
 
“Həmin gecə babam Həsən Nəbiyev, nənəm Səkinə və əmim Məmməd itkin düşdü. Martın 2-də babamla nənəmin meyitini ermənilərdən geri aldıq. Nənəmin bədənində çoxlu güllə yaraları var idi, babamı isə başından vurmuşdular. Əmim isə itkin düşdü və indiyə kimi ondan xəbər yoxdur”.  
 
Müsahibimiz bu gün Vətən müharibəmizdən əldə etdiyimiz qələbəmizə sevindiyini və tezliklə öz torpaqlarımıza qayıtmaq istədiklərini deyir:
 
“Hər il Xocalı faciəsinin ildönümündə biz həmin hadisələri yenidən yaşayırıq. Şükür Allaha Vətən müharibəsində düşmən üzərində qələbə çaldıq, torpaqlarımız işğaldan azad edildi. Bu gün biz öz doğma yurd-yuvamıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Allah Ali Baş Komandanımızı, ordumuzu qorusun. Şəhidlərimizə rəhmət eləsin!”.


Facebook-da paylaş