PREZİDENT İLHAM ƏLİYEV YUNAN SƏFİRDƏN AÇIQ MÖVQE TƏLƏB ETDİ, ŞOK FAKTLAR AÇIQLADI: "Mən diplomatik dilin nə olduğunu bilirəm, lakin..."



Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

AzFakt.info xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Görüşdə Prezident sensasion faktlar açıqlayıb, yunan səfirdən çox açıq mövqe tələb edib.

“Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizdə rəsmi səfərdə olmuşam, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, baş nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız yoxdur. Nümayəndə heyətlərinin mübadiləsi yoxdur”.

Dövlət başçısı bildirib: “Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”.

Prezident daha sonra deyib ki, Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb:

“Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur və BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.

İki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir…
Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub…
Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, – dünən sonuncu uçuş idi, – Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”.

İlham Əliyevin sözlərinə görə, əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir: “Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim”.

Azərbaycan Prezidenti daha sonra əməkdaşlığa mənfi təsir edən başqa bir faktı açıqlayıb: “Düşünürəm ki, əməkdaşlığımıza mənfi təsir göstərən bir neçə məsələ olub. Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq Baş Naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz avans ödənişi etdik, qiymətin 10 faizini təşkil edən 40 milyon avronu və 4 il ərzində – 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”.

Prezident daha sonra deyib: “Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın Baş Nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik, lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra açığını desək biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq….

Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib və yeri gəlmişkən, siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik. Lakin əvvəlki hökumət hakimiyyətə gələndən sonra, mən bunu xüsusilə vurğulamaq istəyirəm, çünki keçmiş Siriza hökuməti hakimiyyətə gəlməmişdən əvvəl bizim əvvəlki Yunanıstan hökumətləri ilə çox yaxşı münasibətlərimiz olub”.

Prezident daha sonra bildirib: “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı…

Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Prezident deyib ki, toxunulası bir müsbət məsələ tapmaq istəyir, amma əfsuslar olsun ki, tapa bilmir:

“Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək: “Biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin, əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.


Facebook-da paylaş