Masallıda “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbir keçirilib





 
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyunun 3-də Masallı  şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda seminar  keçirib. “Cənub kitab evi”nin konfrans zalında keçirilən tədbirə Cənub  bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”mövzusunda konfrans və seminarların  təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən bu tədbirə ciddi zərurət var: “Uşaqlar haqqında xəbər yaymağın beynəlxalq standartları var.  Təəssüf ki, xəbər istehsalçılarının “yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları  problemlidir. Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının  qanunu (11-ci maddə),  ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu  (11.5.3),  “İnformasiya əldə etmək azadlığı haqqında”  Azərbaycan Respublikasının qanunu  (maddə 37), o cümlədən,  “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”  (3-cü prinsip) yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini tələb etsə də,  xəbər istehsalçılarının bu tələbləri  ya bilgisizlikdən, ya da bilərəkdən pozmaları halları intensiv olaraq qalır. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə  təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır,  cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri  barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait də çap  edilib və seminar iştirakçılarına pulsuz paylanıb.
Tədbirdə  çıxış edən ekspertlər  yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını ehtiva edən qanunvericilik aktları barədə seminar iştirakçılarını məlumatlandırıblar.
Daha sonra çıxış edənlər- Regional İnkişaf və İnsan hüquqları İB-nın sədri Ələsgər Hüseynov, Masallı Rayon bələdiyyəsinin üzvü Azad Əhmədov, Ərkivan uşaq bağçasının tərbiyyəçisi Abbaslı Fidan, “Cənub xəbərləri”qəzetinin baş redaktoru Zahir Əmənov və digərləri “KİV və  uşaq hüquqları” mövzusunda  gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.  
 
MİTD İB Mətbuat xidməti 


Facebook-da paylaş