Gürcüstan prezidenti: "Azərbaycanla sərhəd məsələsini həll etmək lazımdır"



Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Azərbaycanla Gürcüstan arasında ümumi sərhədlər üzrə razılıq əldə edilməsi iki ölkə arasında dostluq münasibətlərini gücləndirəcək və mövcud olan problemləri aradan qaldıracaq. Bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatiya Moistrapişvili məlumat yayıb.

O bildirib ki, bir neçə gün öncə azərbaycanlı sərhədçilərin  gürcülərə məxsus Udabno (Keşikçidağ) monastrına gedən yolu bağlaması sərhədlərin delimitasiyası məsələsini yenidən gündəmə gətirib.

Xatırladaq ki, aprelin 25-də Gürcüstan tərəfi Azərbaycan sərhədçilərinin Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumat yaymışdı.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) cavab olaraq bəyan edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. 

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”



Facebook-da paylaş