ABŞ İrana qarşı sanksiyaları bərpa etdi və hədələdi - "Əgər İran kursu dəyişməsə..."



Bu gündən etibarən ABŞ İrana qarşı 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasına qədər qüvvədə olan sanksiyaları bərpa edib.

AzFakt.info xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo elan edib. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bu ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq nümayişlərin davam etməkdə olduğu bir vaxtda baş verir. Dövlət katibi bəyan edib ki, sanksiyalar daha da sərtləşdiriləcək.



Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqinə ciddi nəzarət edəcəyini bildirib. Dövlət katibinin sözlərinə görə, Tehrana qarşı hətta nüvə sövdələşməsinə qədər qüvvədə olan sanksiyalardan daha sərt sanksiyalar tətbiq edilə bilər. Pompeo situasiyanın yaxşılaşması üçün başlıca şərti açıqlayıb, deyib ki, İran özünün siyasi kursunu dəyişməli və “normal ölkəyə” çevrilməlidir. Yalnız bundan sonra Tehranla dialoq yolu açıla bilər.
ABŞ dövlət katibinin bildirdiyinə görə İran “böyük dəyişikliklərdən” keçməlidir ki, prezident Donald Tramp dialoqun aparılması üçün açıq olsun. Pompeo Trampın İranın özünü “normal ölkə kimi aparmağa” məcbur etmək niyyəti barədə də danışıb.



Mayk Pompeo sanksiyaların nəticələrinə görə məsuliyyətin Tehranın üzərinə düşdüyünü bildirib. “İran xalqı amerikalılardan deyil, öz rəhbərlərindən narazıdır. Bu, sadəcə olaraq iran xalqının öz hakimiyyətindən narazılığıdır. Prezident aydın şəkildə bildirib ki, iran xalqı ona kimin rəhbərlik edə biləcəyi barədə ciddi səs haqqına malik olmalıdır”-Pompeo bildirib.

ABŞ dövlət katibi İrandakı etirazlara da toxunub və rejimin dinc etirazçılara qarşı zor işlətməsindən ciddi narahatlıq ifadə edib. Deyib ki, ABŞ İranı öz vətəndaşlarının haqlarına hörmət etməyə çağırır.(virtualaz.org)


Facebook-da paylaş