“Hansı təhlükəsizlikdən danışırsınız? Hər gün cəbhədə ölən əsgərlərdən?” - Erməni deputat




Ermənistan parlamentində hökumətin 2017-2022-ci illəri əhatə edən beşillik inkişaf proqramının müzakirələri zamanı müxalifətdən olan deputatlar Sərkisyan hakimiyyətini tənqid ediblər.

Baş nazir Karen Karapetyanın təqdim etdiyi proqramda ixracın ÜDM-də payının artırılması, yoxsulluq səviyyəsinin 12 faizə endirilməsi kimi vəzifələr müəyyən olunub.

Habelə proqrama əsasən hökumət yeni müdafiə sisteminin formalaşdırılması üçün bir sıra islahatlar keçirə biləcək. Hakim partiyadan deputat, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Koruyun Nahapetyan deyib ki, bu proqram sayəsində hərbi büdcədə kəmiyət göstəricisindən keyfiyyət göstəricilərinə keçmək mümkün olacaq. Hərbçilərin sosial müdafiəsi gücləndiriləcək, hərbi təhsil sistemi təkmilləşdiriləcək.

Müxalif “Elk” fraksiyasının rəhbəri Nikol Paşinyan bu proqramı tənqid edərək deyib ki, onlar sənədə qarşı səs verirlər: “Çünki bu, prezident Serj Sərkisyanın və onun respublikaçılarının proqramıdır. Sərkisyan təhlükəsizlik məsələlərində iflasa görə məsuliyyət daşıyır. Biz Azərbaycana hərbi balansda uduzuruq. Siz hansı təhlükəsizlikdən danışırsınız? Hər gün təmas xəttində ölən əsgərlərdən? İtirilən ərazilərdən? Bu hakimiyyət cəmiyyətin etimadını itirib və getməlidir”-Paşinyan bildirib.(Virtualaz.org)




Facebook-da paylaş